Sentyabrın 8-də Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qurumun direktoru Afaq Məsud qonağa dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib. O deyib: "Dünyanın az ölkəsi var ki, onların ədəbiyyatı mərkəzimiz tərəfindən tərcümə edilib Azərbaycan oxucusuna çatdırılmasın. Bu sırada Latın Amerikası ədəbiyyatı da daim diqqət mərkəzində olub. Qabriel Qarsia Markes, Varqas Lyosa, Xulio Kortasar, Borxes və bu kimi yazıçıların əsərlərinin Azərbaycanda ilkin nəşrini Tərcümə Mərkəz həyata keçirib. Meksika ədəbiyyatına gəlincə, Ottavio Pasın əsərləri Azərbaycan dilində qurumun "Xəzər" dünya ədəbiyyatı jurnalında dərc edilib. Meksika ədəbiyyatının fəxri, dünya ədəbiyyatının korifeylərindən sayılan Xuan Rulfonun "Pedro Paramo" romanı tərcümə olunub və kitab halında nəşr edilib. X.Rulfonunun bu əsəri bəşəri ədəbiyyatın şah əsərlərindən sayılır və Azərbaycanda çox sevilir. Bu gün biz Azərbaycanda fəaliyyət göstərən səfirlərlə görüşür, ədəbiyyatların, mədəniyyətlərin mübadiləsi istiqamətində birgə layihələr həyata keçiririk".
Görülən işlərdən söz açan Afaq Məsud bildirib ki, hazırda Tərcümə Mərkəzdə Argentina səfirliyinin sifarişi ilə Adolf Bioy Kasaresin "Morelin ixtirası" əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri üzərində iş gedir. Kolumbiya səfirliyinin təklifi ilə isə yeddi Kolumbiya və yeddi Azərbaycan şairinin şeirlərinin tərcümələrindən ibarət kitab hazırlanır. Biz milli ədəbiyyatımızın Meksika kimi qədim ölkədə də tanıdılmasında və bu gün yazıb-yaradan müasir Meksika ədiblərinin əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasında birgə əməkdaşlığa hazırıq.
Səmimi görüşə görə minnətdarlığını bildirərək Xuan Rodriqo Labardini Flores Meksika ilə Azərbaycan arasında hər sahədə mövcud olan əlaqələrdən söz açıb. Diplomat deyib: "Həqiqətən də millətlərarası dostluq və qardaşlıq münasibətlərinin qurulmasında ədəbiyyatlar və mədəniyyətlərarası mübadilələrin əhəmiyyəti böyükdür. Meksika səfirliyi Azərbaycanda üç aydır ki, açılıb və bu müddət ərzində səfirlik hər iki ölkə arasında mədəni əlaqələrin qurulması istiqamətində bir sıra işlər görməyə nail olub. Burada olduğum müddətdə mən Meksika ilə Azərbaycan arasında bir sıra oxşarlıqlar kəşf etdim. Bizim təbiətimizdə də, mədəniyyətimizdə də yaxınlıqlar çoxdur. Mən Azərbaycan dilini çox sevirəm və öyrənirəm. Mərkəzin Azərbaycanda fəaliyyət göstərən əcnəbilər üçün açdığı Azərbaycan dili kurslarına yazılmaq istəyirəm. Azərbaycan ədəbiyyatının Meksikada nəşri və təbliği istiqamətində artıq bir neçə qurum və təşkilatlarla danışıqlar aparmışam. Düşünürəm, yaxın vaxtlarda bu sahədə səmərəli işlər görə biləcəyik".
Sonda səfirə Tərcümə Mərkəzin nəşrlərindən olan Xuan Rulfonun "Pedro Paramo" kitabı hədiyyə edilib.