Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir

Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir backend

Ərazisi işğaldan azad olunmuş rayonlardan olan 100-ə yaxın məktəbli Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən rəsm müsabiqəsində iştirak edib. Koreya Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən onların hər birinə dərs ləvazimatları dəsti hədiyyə olunub. Səfirliyin “2022-ci il - qaçqınlara və məcburi köçkünlərə dəstək” layihəsi çərçivəsində təşkil olunmuş müsabiqədə seçilən 10 rəsm əsəri noyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nümayiş etdirilib.

Qaziler.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Koreya Respublikasının ölkəmizdəki səfiri Li In Yonq sərgiyə baxdıqdan sonra layihənin icrası vəziyyəti və əhəmiyyəti barədə ətraflı söhbət aparıblar.

Görüşdə qonağa dövlətimizin qaçqınlıq və məcburi köçkünlük problemlərinin həlli ilə bağlı gördüyü işlər, ərazilərin Ermənistanın işğalından azad edilməsindən sonra həyata keçirdiyi bərpa-quruculuq tədbirləri və Böyük Qayıdışa hazırlıq barədə məlumat verilib.

Qaçqınların və məcburi köçkünlərin hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdığı diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin rəhbərinin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” və onun Tədbirlər Planı xalqımızın və dövlətimizin Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı, yaşayış məntəqələrini, infrastrukturunu dağıtdığı Qarabağ və Şərqi Zəngəzuru sürətlə dirçəltmək, həmin ərazilərin yüksək inkişafına nail olmaq istəyinin və əzminin nümayişidir. Tədbirlər Planında nəzərdə tutulan bir sıra layihələrin icrasına 44 günlük müharibədə Zəfər qazanılmasından dərhal sonra başlandığı vurğulanıb. O cümlədən, Böyük Qayıdış çərçivəsində Dövlət Komitəsi tərəfindən bu il Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 66 ailənin köçürüldüyü və köçürülmənin davam etdiriləcəyi qeyd olunub.

Koreyalı diplomata məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə bağlı vacib məsələlər, onların həlli istiqamətində mümkün əməkdaşlıq istiqamətləri barədə də məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Li In Yonq vaxtilə öz ölkəsinin də qaçqınlıq və köçkünlük problemi ilə üzləşdiyini xatırladıb, buna görə də Azərbaycanın istək və məqsədlərini koreyalıların yaxşı anladığını bildirib. Məcburi köçkün məktəblilərin Koreya ilə dostluq əlaqələrini vəsf edən rəsmlərindən təsirləndiyi vurğulayan diplomat Böyük Qayıdışla bağlı məsələrin dəstəklənməsində də səfirliyin iştirakını önəmli saydığını vurğulayıb. O, həmçinin bu il səfirlik tərəfindən qaçqın və məcburi köçkün məktəblilər üçün texniki avadanlığın təqdim edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmin avadanlıqların təhvil verilməsi həyata keçirilib.

Xatırladaq ki, Koreya Respublikasının ölkəmizdəki səfirliyi 2014-cü ildən bəri Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslərə dəstək tədbirlər həyata keçirir.

loading...
Diaspora