Xəbər verdiyimiz kimi Fransa Senatı qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Qaziler.az bildirir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Fransa senatının bu qətnaməsini bu dövlətin riyakar siyasətinin nəticəsi kimi dəyərləndirib.
"Fransa heç vaxt beynəlxalq hüquq normalarına əməl etmir. ATƏT-in həmsədri kimi vasitəçilik missiyasını yerinə yetirmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, ATƏTin həmsədri kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə Ermənistana sanksiyalar tətbiq edilməsi üçün heç bir iş aparmayıb. Əksinə, riyakarlıq edərək ikili standartları əsas tutaraq Ermənistanın işğalçılıq siyasətini daima dəstəkləyib, ona siyasi, iqtisadi, hərbi yardım göstərib. Münaqişənin həll edilməməsi üçün Fransa nə mümkündürsə edib. Bütün gücü ilə çalışıb ki, münaqişə həll edilməsin. Müxtəlif vaxtlarda münaqişənin həll edilməsi üçün real imkanlar olanda Fransa bu imkanların puça çıxması üçün var gücü ilə çalışıb. Son illərdə, Makron hakimiyyəti dövründə də Fransa Azərbaycana, beynəlxalq hüquq normalarına qarşı həddindən artıq riyakar, ikiüzlü siyasət yeridib. Son qətnamə də bu riyakar siyasətin nəticəsidir. Ondan öncə də bu dövlət erməni separatizmini, erməni işğalını, erməni terrorunu dəstəkləyib, Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərib.
Bu, Azərbaycanı haqq yolundan döndərə bilməz. Necə ki, Vətən müharibəsi dövründə Fransanın riyakar yanaşmalarını, siyasətini Ali Baş Komandan, cənab Prezident alt-üst etdi, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdi, indi də bu siyasət davam edəcək. Qarabağda da, Ermənistanda da yaşayan ermənilər Fransa kimi dövlətlərin hüquqazidd, riyakarlığına inanaraq əvvəlki kimi ağılsız əməllərini davam etdirəcəklərsə Ermənistanın mövcudluğu sual altına düşəcək, Azərbaycan Qarabağda antiterror əməliyyatları həyata keçirib bütün Qarabağı təmizləyəcək, ardınca Zəngəzur dəhlizini açacaq və Ermənistan ərazisində təhlükəsizlik zolağı yaradacaq. Ermənistanın bircə nicat yolu var: Türkiyə və Azərbaycanla normal münasibətlər yaratmaq. Əks halda bu bölgəyə gəldikləri kimi köçüb gedəcəklər. Necə ki, uzun müddətdir Fransaya, Rusiyaya, İrana və digər dövlətlərə ümid olaraq burada işğal siyasətlərini davam etdirəcəklərinə ümid edirdilər, lakin Azərbaycan Ordusu onlara qətiyyətli cavab verdi. Bundan sonra da bu cür xam xəyalları davam etdirmək istəsələr Azərbaycan Ordusu, Azərbaycan dövləti onlara gərəkən növbəti zərbəni vuracaq. Bu dəfəki zərbə, Dəmir Yumruq əvvəlkilərdən daha ağır və sərt olacaq" - deyə Emin Həsənli bildirib.
QAZİLER,AZ