Vilayət Quliyev vəfat edən qızının adına xeyriyyə Fondu yaratdı

Vilayət Quliyev vəfat edən qızının adına xeyriyyə Fondu yaratdı backend

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev mərhum qızı Humay Quliyevanın adına Fond yaradıb.

 

Moderator.az-ın məlumatına görə, bu barədə diplomatın özü bildirib:

 

“Qızımız Humayın xatirəsini yaşatmaq və xeyirxahlıq missiyasını davam etdirmək məqsədi ilə “Huma Quşu Təhsilə Yardım Fondu”nu yaratdıq. Fond Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alındı. Fondun adını Humayın ingiliscə yazdığı bir şeirin son misrasından götürdük: «After all,I am named a bird,living its entire life flying invisibly high above the Earth - Huma!” (“Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirən quşun adıdır adım -Huma!”)”.

 

V.Quliyev deyib ki, Fondun maliyyə əsasını Humayın 10 ilə yaxın beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı şəxsi hesabında toplanmış vəsait təşkil edir.

 

“Fond artıq informasiya texnologiyalarının təhsili və xaricdə təhsillə bağlı bir neçə layihəni həyata keçirir. Fondun prezidenti Humayın anası Şəhla Vəzirovadır. Noyabrın 17-də - Humayın doğum günü ADA Universitetində Fondun ictimai təqdimatı keçiriləcək. Humay “gözəgörünməz yüksəklikdə” olsa da, yenə öz nəcib işini davam etdirir...”, - deyə səfir qeyd edib.

 

Xatırladaq ki, Vilayət Quliyevin qızı Humay Quliyeva 2021-ci il martın 13-də dünyasını dəyişib. Humay Quliyeva müxtəlif illərdə BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı kimi şirkətlərdə çalışıb, həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi, o, dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar göstərən missiyanın tərkibində fəaliyyət göstərib. 2015-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı humanitar missiyanın ilk nümayəndələrindən olan Humay Quliyeva daha sonra təşkilatın Mərkəzi Afrika ölkəsindəki nümayəndəliyində çalışıb.

 

Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri işləyib. 2010-cu ildən 23 iyul 2021-ci ilədək Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

 

4 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

loading...
Diaspora