Çağrı Mərkəzinə zəng edənlərin cavab üçün orta gözləmə müddəti 29 saniyəyə enib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi tərəfindən bu il 1,3 milyona yaxın vətəndaş müraciəti cavablandırılıb.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, müraciətlər pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım, əlillik təyinatı, mənzil və avtomobillə, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, əmək münasibətləri, məşğulluq xidmətləri, özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunmaq, sosial xidmət və s. məsələlərlə bağlı olub.
Hər bir vətəndaş müraciəti qanunvericilik çərçivəsində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı çərçivəsində çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi də nəzərdə tutulub.
142 - Çağrı Mərkəzi tərəfindən də müraciətlərin cavablandırılması işinin təkmil, operativ və keyfiyyətlə həyata keçirilməsi daim diqqətdə saxlanır.
Hazırda 142 - Çağrı Mərkəzində 110 nəfərdən ibarət işçi heyəti çalışır. Çağrı Mərkəzinə edilən zənglərin cavablandırılması üçün orta gözləmə müddəti bu ilin 10 ayı üzrə daha da azalaraq 29 saniyəyə enib. Bu göstərici 2020-ci ildə 8,5 dəqiqə olub.
Vətəndaşların 142 - Çağrı Mərkəzindən məmnunluq səviyyəsi isə 93 faiz təşkil edir.
142 - Çağrı Mərkəzi vətəndaşlara ünvanlı dövlət sosial yardım üçün edilmiş müraciətlərə baxılmasının cari vəziyyəti və əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etməyə (qeyri-iş günləri də daxil olmaqla) də imkan verir.