İstirahət etmək üçün kimi xarici ölkələri, kimi də ölkə daxilini, rayonları seçir. Bəzi şirkətlər bölgələrə təşkil etdiyi turlara o qədər cəlbedici, fantastik şərtlər qoyurlar ki, az qala xarici turlar gözümüzdən düşür.
Məsələn tur şirkətlərindən birinin internetdə yerləşdirdiyi elana nəzər salaq.
3 günlük Quba-Qusar turu. Qiyməti 119 AZN.
Qiymətə daxildir:
- Transfer
- “Quba Bərpa Spa”da gecələmə
- Səhər yeməyi (3 dəfə)
- Tur rəhbəri – Bələdçi
- Oteldaxili fitnes, futbol meydançası, kartinq, bovlinq, paintbol, masaj, “PlayStation” (Əlavə ödənişlə)
- Yol boyu əyləncəli və hədiyyəli oyunlar
- Bütün gecəni musiqili əyləncə və mafiya oyunu
- Laza şəlaləsi
- Qəçreş meşəsi
- Çənlibel gölü
Bəs bu elanlarda verilən vədlər yerinə yetirilirmi? Təbii ki, bəzi şirkətlər bu kimi yalan vədlərlə vətəndaşların cibinə girməyə çalışır. Təəssüf ki, bu elanlara inanıb yola çıxanlar da az deyil. Onlardan biri də şikayətçi Nurlanə Hacıyevadır: “Bizə təqdim olunan şərtlərdə qeyd olunmuşdu ki, gedəcəyimiz Şəki və Qəbələdə də rayonun tanınmış restoranlarında yemək süfrələri bron ediləcək. Yüz manata daxil idi: yemək, yolda çay, nahar fasiləsi, əyləncəli oyunlar. Hər iki rayonda heç də söz verilən restoranlar bron edilmədi”.
Şirkətlərin yalan vədləri bəs deyilmiş kimi, apardıqları restoranlarda menyu da tur iştirakçılarına real qiymətindən baha təqdim edilir. Nurlanə Hacıyeva deyir ki, tur iştirakçıları çayxana xarakterli ,aşağı səviyyəli restoranlara aparıldı: “Turist olduğumuz üçün orada da qiymətlər ikiqatına təqdim edilirdi. Adama 500 manat xərcimiz çıxdı”.
Oxşar mənzərəni Günay Əhmədova adlı vətəndaş da yaşayıb. Sosial şəbəkələrdə daha bir şirkət tərəfindən aldadıldığını bildirən vətəndaş Şəki-Qəbələ turunda iştirak edib. Onun sözlərinə görə, turun proqramı düzgün tərtib edilməyib. Şəkiyə çatar-çatmaz 1.5 saatlıq vaxt veriblər, bələdçi isə destinasiyanın yolunu belə izah etməyib. Günay Əhmədova şirkətin sosial şəbəkələrdəki səhifələrinə yazılan şikayətlərin silindiyini də bildirib.
Bəs nə etməliyik ki, istirahət ümidi ilə getdiyimiz yerdə günümüz göy əskiyə bükülməsin? Şirkətləri seçərkən nələrə diqqət etməliyik?
“Pin Travel” şirkətinin direktoru Lalə Paşayeva deyir ki, vətəndaşlar müraciət edəcəkləri tur şirkətlərini dəqiq araşdırmalıdırlar: “Şirkətlər reytinq, rəqabət xətrinə ucuz şərtlərlə turlarının qiymətlərini paylaşırlar. Yalançı vədlər verə-verirlər. Bundan da vətəndaşlar zərər görürlər. Vətəndaşlarımıza demək istəyirəm ki, aldanmasınlar. Ətraflı soruşsunlar. Səhər yeməyi hansı restoranda olacaq? Qeyd edirlər ki, VİP restoranda, vip səhər yeməyi, 3 dəfə qidalanma olacaq. Çox zaman bu vədlər yalan olur. İlk olaraq vətəndaşlar şirkətə müraciət edəndə soruşsunlar ki, hansı restorandadır, necə yerdir, turun proqramını öncədən alsınlar”.
Onun sözlərinə görə, tura həvəslə gedib peşman qayıtmamaq üçün iştirakçılar şirkətlə müqavilə bağlamalıdır. Müqavilə həm də tur şirkəti tərəfindən aldadılan vətəndaşın hüququnun qorunması üçün əsas prioritetdir: “Şirkət ilə imzalanan müqavilə əsasında turda verilən vədlər yerinə yetirmədikdə artıq öz hüquqlarını tələb edə bilərlər ki, siz bunu vəd etmişdiniz amma olmadı. Turu aldıqları vaxt çek, müqavilə tələb etsinlər”.
Bax belə... Tətilə getmək üçün plan qurursunuzsa, həm sizə tur təklif edən şirkəti, həm də gedəcəyiniz yeri araşdırmalısınız. Əks təqdirdə aldadılmaq ehtimalınız böyükdür.