"Qarabağ" bu mövsüm Avropanın yerli çempionatlarında xal itirməyən yeganə komandadır.
Qol.az xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasında ilk 12 qarşılaşmanın hamısında qalib gəlib.
"Qarabağ"la yanaşı, Lüksemburqda "Düdelanj", Yunanıstanda "Panatinaikos" da yerli çempionatda bütün oyunlarda qələbə qazanmışdı. Ancaq ötən gecə hər iki komandanın uğurlu seriyası başa çatıb. "Düdelanj" 11-ci turda "Svift Hesperange"yə 0:4 hesabı ilə uduzub. "Panatinaikos" isə Superliqanın 11-ci turunda "Olimpiakos"la bərabərə qalıb - 1:1.
Qeyd edək ki, ehtiyatında bir oyunu da olan "Qarabağ" hazırda 36 xalla liderdir. Qurban Qurbanovun komandası noyabrın 9-da "Turan Tovuz"la Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyununa çıxacaq.