8 Noyabr - Zəfər Günü yalnız Azərbaycanın deyil, bütün türk dünyasının tarixi baxımından mühüm gündür. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Bu Zəfər xalqımız tərəfindən əbədi olaraq Qələbə günü kimi xatırlanacaq.
Bunu AZƏRTAC-a Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü ilə bağlı açıqlamasında bildirib. Bu tarixi günün önəminə diqqət çəkən polkovnik 8 Noyabr Zəfərinin bütün regionun gələcəyinə həlledici təsir göstərdiyini vurğulayıb: “Ordumuzun Vətən müharibəsindəki Qələbəsi bütün regionun gələcək taleyini həll etdi. Azərbaycan Ordusunun Qələbəsi sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni mərhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verib, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açıb.
Ermənistanın otuz il davam edən işğalçılıq siyasəti bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər bu maneəni ortadan qaldırdı. İşğal altındakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün həmin torpaqlarımızda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib. Bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.
Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın bayraq sevgisini də göstərdi
Polkovnik qeyd edib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya göstərdi: “Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların öhdəsindən gəlməyə, onları uğurla icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu prosesinin səmərəliliyini sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə göstərdi. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, döyüşlərdə iştirak etməyə can atırdılar. Həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Ümumiyyətlə müharibə dövründə Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk edib. Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edirlər. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad olunması uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dövründə orduya dəstək məqsədi ilə çoxsaylı kampaniyalar təşkil edildi. Bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi”.
Qələbəni təmin edən ən mühüm faktorlardan biri güclü sərkərdə amili oldu
Cəlil Xəlilov 8 Noyabr Zəfərini şərtləndirən ən mühüm amillərdən birinin məhz bacarıqlı sərkərdə faktoru olduğunu vurğulayıb: “İkinci Qarabağ müharibəsi dövründə Qələbəni təmin edən ən mühüm amillərdən biri məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olub. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynayıb, böyük Qələbəni təmin edib. Ali Baş Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunub. Bütün bunlar bir daha onu göstərir ki, biz bu Qələbəyə görə hər şeydən əvvəl Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”.
Sədr müavini Azərbaycanın Vətən müharibəsində dünya hərb sənayesinin ən son yeniliklərini uğurla tətbiq etdiyini bildirib: “Ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövlətləri tərəfindən öyrənilməkdədir. Lakin ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizi qarşıda duran əsas məsələlərdən biridir. Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq. Azərbaycan bu istiqamətdə artıq bəzi əməli addımlar atmaqdadır. Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bu bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.
Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində Qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. Həmçinin Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır”.
Polkovnik qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın milli hərb sənayesinin məhsulları da özünü yüksək səviyyədə doğruldub: “Sevindirici haldır ki, məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan Ordusunun xarici hərbi məhsullardan asılılığı azaldı. Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin etdi. Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə yeni hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Vətən müharibəsində Azərbaycanın Zəfərində özünəməxsus rol oynayan birgə dron və müşahidə sistemlərinin istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq. Bir sözlə, Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq. Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür və bu güc ona ordumuzu inkişaf etdirmək, onun inkişafı üçün gərəkli xərcləri qarşılamağa imkan verir”.
Xüsusi Təyinatlı Qüvvələr xalqımızın qürur mənbəyidir
C.Xəlilov 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin böyük qəhrəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan Ordusunda Xüsusi Təyinatlı Qüvvələr böyük əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut etdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxsaylı düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Onlar düşmənə sadəcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri, həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu dünyaya göstərdi. İkinci Qarabağ müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr tarix yazdı. Yalnız Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların əldə edilən Qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir.
Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salmışdı ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sonadək müqavimət göstərmədən silahlarını atıb qaçırdı. Onlar bəzi hallarda öz yaralılarını, cəsədlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, canlarını xilas etməyə çalışırdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir. Təsadüfi deyil ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanın xüsusi təyinatlı hərbçilərimizin igidliyinə necə böyük önəm verdiyini göstərir”.
Polkovnik 8 Noyabr Zəfərinin hər zaman heyrət və qürurla anılacağını qeyd edib: “8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür. Həmin gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni tarix yazdı. Əminəm ki, illər, əsrlər keçsə də, 8 Noyabr Zəfəri, bizə bu Zəfəri yaşadanlar unudulmayacaq, hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq.”