“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin layihəsi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Vətən əmanəti” adlı tədbir-konsert layihəsi həyata keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, şəhid atası, hərbi vətənpərvərlik mahnıların ifaçısı, hərbi diktor Şəmistan Əlizamanlı, aktyor, qiraətçi Əli Nur, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu, hərbi ekspert, jurnalist Səxavət Məmməd, jurnalist Günel Əmirova, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis zabiti İsmayıl Həkimli iştirak edib. Çıxış edənlər layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər və belə layihələrin davamlı olmasını arzulayıblar.
Tədbir dövlət himninin səslənməsi və şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsədi, əhəmiyyəti barədə məlumat verib. Vətənpərvərliyi təbliğ edən bu formatlı tədbirlərin şagirdlərin əsl vətəndaş kimi formalaşmasındakı müsbət rolunu vurğulayıb. Daha sonra söz qonaqlara verilib. Rəsmi hissə yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi başlayıb. Öncə şagirdlərin ifasında Zəfər ruhlu, qələbə motivli mahnılar, şeirlər ifa edilib.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert Şəmistan Əlizamanlının ifasında hərbi marşlarla başa çatıb.