“8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür!”

“8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür!” backend

Cəlil Xəlilov: “Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı”

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü ilə bağlı Moderator.az-a açıqlama verib. Açıqlamasında bu tarixi günün önəminə diqqət çəkən polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin bütün regionun gələcəyinə həlledici təsir göstərdiyini vurğulayıb:

 

“8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır.  

 

Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı.

 

Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir”.

 

“Müharibə ordumuzun gücü ilə yanaşı, xalqımızın bayraq sevgisini də ortaya qoydu”

 

Polkovnik qeyd edib ki, müharibə Azərbaycan Silahlı Qüvvələrinin gücünü əyani surətdə bütün dünyaya göstərdi:

 

“44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi.

 

Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi”.

 

“Qələbəni təmin edən ən mühüm faktorlardan biri güclü sərkərdə amili oldu”

 

Cəlil Xəlilov 8 Noyabr zəfərini şərtləndirən ən mühüm amillərdən birinin məhz bacarıqlı sərkərdə faktoru olduğunu vurğulayıb:

 

“Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş  Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”.

 

Sədr müavini Azərbaycanın 44 günlük Vətən müahribəsində dünya hərb sənayesinin ən son yeniliklərini uğula tətbiq etdiyini bildirib:

 

“Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi. Hansı ki, ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövləti tərəfindən öyrənilməkdədir. Lakin təbii ki, ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizi qarşıda duran əsas məsələlərdən biridir. Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq.

 

Azərbaycan bu istiqamətdə artıq bəzi əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bildiyiniz kimi, bu bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.

 

Bildiyiniz kimi, Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən, Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır”.

 

Polkovnik qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın milli hərb sənayesinin məhsulları da özünü yüksək səviyyədə doğruldub:

 

“Vətən müharibəsi Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Sevindiricidir ki, məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan ordusunun xarici hərbi məhsullardan asılılğı minimuma endi. Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin etdi. Hansı ki, Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə yeni hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müahribəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan birgə dron və müşahidə sistemlərinin istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq.

 

Bir sözlə, Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan ordusunun gələcək simasının müəyənləşməsində mühüm rol oynayacaq.

 

Onu da qeyd edim ki, Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür və bu güc ona ordumuzun inkişaf etdirmək, onun inkişafı üçün gərəkli olan xərcləri qarşılamağa imkan verir”.

 

“Xüsusi Təyinatlı Qüvvələr xalqımızın qürur mənbəyidir”

 

Polkovnik 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin böyük qəhrəmanlıqlara imza atdığını bildirib:

 

“Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunda Xüsusi Təyimatlı Qüvvələr özünməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin aprel döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut etdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxlu sayda düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Onlar düşmənə sadəcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi.

 

44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr sözün həqiqi mənasında tarix yazdı. Bir tək Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların əldə edilən qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir.

 

Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salmışdı ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sona qədər müqavimət göstərmədən silahlarını atıb qaçırdı. Onlar bəzi hallarda öz yaralılarını, meyidlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, öz canlarını xilas etməyə çalışırdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vəətn müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanımn xüsusi təyinatlı hərbçilərimizə, onların igidliyinə necə böyük önəm verdiyini göstərir”.

 

Cəlil Xəlilov 8 Noyabr zəfərinin heç zaman unudulmayağını, hər zaman heyrət və qürurla anılacağını qeyd edib:

 

“8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür! Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı. Əminəm ki, illər, əsrlər keçsə də 8 Noyabr zəfəri, bizə bu zəfəri yaşadanlar əsla və əsla unudulmayacaq, hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaqlar!”

loading...
Diaspora