Rumıniya nümayəndə heyəti üçün ölkəmizdə məşğulluq sahəsində aparılan islahatlara dair təqdimat edilib

Rumıniya nümayəndə heyəti üçün ölkəmizdə məşğulluq sahəsində aparılan islahatlara dair təqdimat edilib backend

Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycanda əhaliyə göstərilən məşğulluq xidmətləri, icra olunan aktiv məşğulluq proqramları ilə tanış olub. 

Qaziler.az bildirir ki, nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları, məşğulluq sahəsində aparılan islahatlar barədə məlumat verib. 

Görüşdə aktiv məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq proqramı çərçivəsində əhalinin sosial cəhətdən həssas qruplarına aid şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşsiz və işaxtaran şəxslərin əmək bazarında tələb olunan peşələr üzrə bacarıqlara yiyələnmələri üçün peşə hazırlığının təşkili işləri qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli dövlət məşğulluq siyasətinin əsas istiqamətləri və hədəflərinə, məşğulluq proqramları və xidmətlərinə, məşğulluq sahəsində qurulmuş rəqəmsal infrastruktura dair təqdimat edib.

Bu il istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) barədə məlumat verilib. İnsan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidinə imkan verən ƏMAS-ın üstünlükləri diqqətə çatdırılıb. Rəqəmsal məşğulluğun bu sahədə xidmətlərin çevikliyinə və şəffaflığına, daha əlçatan olmasına, nəticə etibarilə keyfiyyətinin daha da yüksəlməsinə imkan verdiyi vurğulanıb. Gənclərin əmək bazarına çıxışına xidmət  edən layihələrdən də bəhs olunub.

Xatırladaq ki, Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budey iki Nazirlik arasında 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar. 

Sənəddə digər müvafiq fəaliyyət sahələri ilə yanaşı, məşğulluq xidmətləri, o cümlədən  işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı və karyera məsləhəti xidməti sahəsində də bilik və qabaqcıl təcrübələrin mübadiləsi nəzərdə tutulur.

loading...
Diaspora