Bakıda “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib - FOTO

Bakıda “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib - FOTO backend

Noyabrın 2-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfransı keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbiri açaraq bildirib ki, Azərbaycan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda da insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması, bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. Azad edilmiş ərazilərdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlil qalmasına səbəb olub. Eyni zamanda, bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu isə deyib ki, Qarabağ görünən düşməndən təmizlənib, görünməyəni hələ də qalır: "Dövlət başçısının bütün çıxışlarında əsas məsələlərdən biri mina ilə bağlı olur. Təklif edirəm ki, minalarla bağlı bir sıra QHT-lərin iştirakı ilə geniş toplantı keçirilsin. Bu işə hər birimizin töhfəsi ola bilər. Hesab edirəm ki, minalarla bağlı geniş maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Bizim başqa yolumuz yoxdur”.

Konfransda çıxış edən digər qonaqlar vurğulayıblar ki, hazırda azad olunan torpaqlarda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, həm də kommunikasiyaların çəkilməsinə maneə yaradan yalnız minalardır. Hansı ki, düşmən həmin əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirib. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edir.

Çıxışlardan sonra konfrans qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Sonda QHT-lər adından bəyanat səsləndirilib.

Diaspora