Rumıniya nümayəndə heyəti üçün sosial sahədə təqdimat edildi - FOTO

Rumıniya nümayəndə heyəti üçün sosial sahədə təqdimat edildi - FOTO backend

Ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olub.

Qaziler.az xəbər verir ki, nümayəndə heyəti ilə görüşdə Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə aparılan köklü sosial islahatların tərkib hissəsi kimi həmin sahələrdə elektron texnologiyaların tətbiqinin geniş vüsət aldığını vurğulayıb. 

Bu sahələrdə idarəçilik və xidmətlərin elektronlaşdırıldığı, proaktiv, çevik, şəffaf, əlçatan xidmətlər sisteminin qurulduğu diqqətə çatdırılıb. Nazirliyin 175 xidmətindən artıq 110-nun e-qaydada, o cümlədən 46-nın proaktiv formada göstərildiyi, təkcə bu ilin 9 ayında nazirlik üzrə e-xidmətlərə 8,4 milyon müraciət qeydə alındığı  bildirilib.

2019-cu ilin əvvəlindən sosial ödənişlərin e-sistem üzərindən təyinatına başlanıldığı, e-qaydada sosial sığorta nömrəsi və fərdi hesab açılması mexanizminin də qurulduğu diqqətə çatdırılıb. Qeyd olunan proaktiv təyinat mexanizmləri, həmin il istifadəyə verilən, ölkənin sosial reyestri olan e-sosial.az portalı, habelə e-arayış xidmətləri barədə məlumat verilib.

Bu ilin may ayında təqdim olunan, vahid əmək münasibətləri platforması və rəqəmsal kadr uçotu sistemi  rolu oynayan “Əmək və Məşğulluq” altsistemindən, hazırda yaradılmaqda olan e-xidmətlərdən bəhs olunub.

Nümayəndə heyəti üçün son illər ölkəmizdə sosial  sahədə idarəçilik və xidmətlərin avtomatlaşdırılmasına, e-sistemlər üzərindən proaktiv təyinat mexanizmlərinə, bu sahədə qurulmuş rəqəmsal infrastruktura dair təqdimat edilib.

loading...
Diaspora