Veteran televiziya və qəzet jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kompaniyası” MMC-nin təsisçisi və baş direktoru Adil İrşadoğlu (Əliyev) “Qarabağ qaziləri” ictimai birliyinə üzv qəbul edilib.
QAZİLER.AZ xəbər verir ki, A.İrşadoğlu 1-ci Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığına, qazilərə daim mənəvi dəstək olduğuna görə və 69 yaşının tamam olması münasibətilə “Qarabağ qaziləri” ictimai birliyinə üzv qəbul edilib.
“Qarabağ qaziləri” ictimai birliyinin baş ofisində üzvlük vəsiqəsinin təqdimetmə mərasimi keçirilib. Təşkilatın rəhbəri Asəf Kərim oğlu Əliyev idarə heyətinin üzvləri qarşısında giriş sözü ilə çıxış edib, veteran jurnalist Adil İrşadoğlu barədə ətraflı məlumat verib və onun keçdiyi şərəfli, zəngin həyat yolundan danışıb. Sonra Asəf Əliyev sözü “Qarabağ qaziləri” ictimai birliyi idarə heyətinin üzvlərinə verib. Onlar jurnalist Adil İrşadoğlunu təşkilatın üzvü olması münasibətilə təbrik ediblər və ona uğurlar arzulayıblar.
Yığıncaqda A.İrşadoğlunun dostu Hümbət Soltanov da iştirak edib. O da dostu haqqında səmimi ürək sözlərini söyləyib.
Sonda söz Adil İrşadoğluna verilib. O, əvvəlcə Etimad Əsədov başda olmaqla dünyasını dəyişən qazi qardaşlarımıza və şəhidlərimizə rəhmət oxuyub. “Qarabağ qaziləri” ictimai birliyinə üzv qəbul olunduğu üçün çox sevindiyini və qürurlandığını bildirib. A.İrşadoğlu əlavə etdi ki, məni sevənlər də çoxdur, gözü götürməyən, paxıllığımı çəkən və haqqımı yeyənlər də çoxdur. Ancaq mən buna fikir vermirəm və başımı aşağı salıb öz müstəqil jurnalistikamla məşğul oluram. Belə bir vəziyyətimdə mənə dəyər verdiyinizə görə hamınıza, “Qarabağ qaziləri” ictimai birliyinin bütün üzvlərinə minnətdarlığımı bildirirəm.