28 oktyabr 2022-ci il saat 12:00-da Azərbaycan İstiqlal muzeyində uşaq hüquqlarının qorunması, onların hüquqlarının təmin edilməsi məqsədi ilə “Uşaq hüquqları Konvensiyası” mövzusunda maarifləndirici tədbir keçirildi.
Qaziler.az bildirir ki, tədbiri giriş sözü ilə açan muzeyin Elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Babazadə Səbinə “Uşaq Hüquqları Konvensiyası” haqqında, uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin ardıcıl həlli üçün ölkəmizdə həyata keçirilən dövlət siyasətindən ətraflı bəhs etdi.
Bildirildi ki, konvensiya uşaqların insan hüquqlarının bütün növlərini - mülki, siyasi, iqtisadi, sosial və mədəni bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın 54 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.
Tədbirdə “Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlara Dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, hüquqşunas Zaur İbrahimov, Müasir Azərbaycan İctimai Birliyinin sədri Kəmalə Muradova, uşaq inkişafı üzrə mütəxəssis Ayşən Səmədova çıxış edərək uşaqlara onların qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələrini izah etdilər.
Sonda 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdləri uşaq hüquqlarının pozulması barədə kompozisiyalar ilə çıxış etdilər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirdə 218 nömrəli tam orta məktəbin və 5 saylı peşə məktəbinin müəllim və şagird heyəti iştirak etdilər.














