Xaçmazın Pirquluoba kəndində şəhid Orxan Çobanovun adını daşıyan idman zalı fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, millət vəkili Sevil Mikayılova 2-ci Qarabağ müharibəsi qazisi Məhəmməd Süleymanovun şəxsi təşəbbüsü və təşkilatçılığı ilə yaradılan idman zalında olub. Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə idman hərəkatının ildən-ilə gücləndiyini bildirən S.Mikayılova bu vacib təşəbbüsün uşaq və gənclərin fiziki sağlamlığı və sağlam ruhda böyüməsi üçün mühüm əhəmiyyət daşıdığını söyləyib.
Vətən uğrunda canından keçən oğullarımızın əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulduğunu bir daha vurğulayan millət vəkili bildirib ki, İkinci Qarabağ Müharibəsi qazisinin bu addımı çox müsbət örnəkdir.
Öz növbəsində, şəhid Orxan Çobanovun adını daşıyan idman zalının idmançıları və müəllimləri göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

