Azərbaycanın su operatoru yenidən təşkil edilib

Azərbaycanın su operatoru yenidən təşkil edilib backend

“Azərsu” ASC-nin (Azərbaycanın su operatoru) nəzdində Ekologiya idarəsi yaradılıb.


Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən yeni idarənin yaradılması “Azərsu” ASC-nin yenidən təşkil edilməsi üzrə prosesin bir hissəsidir. Trend bu barədə “Azərbaycan” qəzetinə istinadən xəbər verir.

Qərara əsasən, ASC-nin əvvəl hüquqi şəxs kimi fəaliyyət göstərən İstehsalat Texniki Komplektləşdirmə İdarəsi yenidən təşkil ediləcək və su operatorunun tərkibinə daxil ediləcək. “Azərsu” ASC İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək.

Qoşulma zamanı “Azərsu” ASC-nin nizamnamə kapitalı, payların miqdarı və dəyəri dəyişmədən mövcud səviyyədə saxlanılıb.

Həmçinin su operatorunun törəmə səhmdar cəmiyyətləri - “Göyçay Sukanal” və “Ağdaş Sukanal”ı hüquqi şəxs kimi “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, Oğuz-Qəbələ-Bakı Su kanalı, Kür Su kanalı, Ceyranbatan Su su kanalı, H.Z.Tağıyev adına Su kanallarının adları dəyişdirilərək Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi, Kür Su Təchizatı İdarəsi, Ceyranbatan Su Təchizatı İdarəsi, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi adlandırılıb.

Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC-yə bu qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Diaspora