Cəlil Xəlilov: "Azərbaycan və Türkiyənin dostluğu əbədidir"

Cəlil Xəlilov: "Azərbaycan və Türkiyənin dostluğu əbədidir" backend

Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri əsnasında həmin rayonlarımızda həyata keçirilən geniş quruculuq işləri ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, təməlini qoyduğu çoxsaylı müəssisələr və verdiyi mesajlar hər bir azərbaycanlıda qürur hissi doğurmaqdadır. Prezidentimizin səfəri əsnasında Zəngilan beynəlxalq hava limanının açılışı da həyata keçirildi ki, bu da dövlətimizin iqtisadi qüdrətindən, quruculuq əzmindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib.

Zəngilan Beynəlxalq Hava Limanının həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan mühüm əhəmiyyətə malik olduğunu qeyd edən C.Xəlilov bu hava limanının istifadəyə verilməsinin təkcə Zəngilan rayonunun deyil, bütün bölgənin iqtisadi inkişafına təkan verəcəyini, bölgənin nəqliyyat kommunikasiyasının özəyini təşkil edəcəyini vurğulayıb. Bildirib ki, bu hava limanı vasitəsi ilə yük və sərnişinlərin sürətli daşınmasını təşkil etmək mümkün olacaq. Bundan başqa, ehtiyac yaranacağı təqdirdə hava limanından hərbi məqsədlər üçün də istifadə oluna bilər ki, bu da təhlükəsizliyimiz və müdafiə qabiliyyətimizin möhkəmlənməsi baxımından mühüm önəm kəsb edir.

Polkovnik qeyd edib ki, Zəngilan Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da əlamətdar hadisələrdən biridir: “Hava limanının açılışında Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak etdi ki, bu da qardaş Türkiyənin Azərbaycana, onun işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq işinə nə qədər böyük önəm verdiyini göstərir. Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının önəmindən danışaraq bildirdi ki, bir ildə iki hava limanının açılışı etmək hər ölkənin işi deyil. Əslində, Türkiyə Prezidentinin bu sözləri Azərbaycanın iqtisadi gücünə, dövlət başçımızın və xalqımızın yaradıcılıq, quruculuq əzminə verilən qiymətdir.

Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakının siyasi əhəmiyyəti də olduqca böyükdür. Bu səfər bir daha bütün dünyanın diqqətini Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm olduğuna yönəltdi. Bütün dünya bir daha anladı ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir və bu ölkələrdən hər hansı birinə qarşı bədxah addım atmaq istəyən qüvvə olarsa, o zaman həmin qüvvə iki dövlətlə mübarizə aparacağını bilməlidir”.

Cəlil Xəlilov işğaldan azad edilən rayonlarda flora və faunanın qorunması, ekologiyanın yaxşılaşdırılması istiqamətində atılan addımlara da diqqət çəkib: “Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilana səfəri çərçivəsində uzun illər erməni işğalında qalan bu ərazilərdə ekologiyanın yaxşılaşdırılması istiqamətində də mühüm layihələrə start verildi. Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihələri əsasında görülməsi planlaşdırılan işlər buna nümunədir.

Qubadlı rayonu ərazisində yaradılması nəzərdə tutulan “Zabuxçay” və “Bərgüşadçay” su anbarları, bütövlükdə bu bölgədə su təsərrüfatının yenidən qurulması kənd təsərrüfatının inkişafı ilə yanaşı, ekologiyamızın yaxşılaşmasına da mühüm töhfəsini verəcək.

Qubadlı şəhərinin baş planının hazırlanması, İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının, məktəb binasının təməlinin qoyulması dövlətimizin işğaldan azad edilmiş torpaqlarda böyük və miqyaslı işlər həyata keçirdiyini göstərir. Bütün bu işlər onu söyləməyə əsas verir ki, yaxın gələcəkdə bütün məcburi köçkünlərimiz doğma dədə-baba torpaqlarına qayıda biləcəklər”.

loading...
Diaspora