Müsəlman dini liderlər Bakıda Cümə namazı qıldılar - FOTO

Müsəlman dini liderlər Bakıda Cümə namazı qıldılar - FOTO backend

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Heydər məscidində Cümə namazı qılıblar.

"Report"un xəbərinə görə, onlar şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxuyublar.

Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş Heydər məscidində Cümə namazından sonra çıxış edib.

O, əvvəlcə Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə təbrikini çatdırıb.

Daha sonra xütbə verib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin üçüncü görüşü oktyabrın 19-da Bakıda, Gülüstan sarayında baş tutub. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev başda olmaqla Türkiyə diyanət işləri başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gəliblər.

Eyni zamanda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanıb, birgə bəyanat qəbul edilib. TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılıblar, məsciddə Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. TDT-nin müsəlman dini liderləri Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı və Şuşa şəhər qala divarları ilə tanış olublar. Qonaqlar daha sonra Cıdır düzünə gedərək buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Bundan başqa, oktyabrın 21-də Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamlarının iştirakı ilə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçirilib. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılıb, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunub.

loading...
Diaspora