MEDİA-nın yeni tələbi: Sayt 20 özəl xəbər hazırlaya BİLƏCƏK?

MEDİA-nın yeni tələbi: Sayt 20 özəl xəbər hazırlaya  BİLƏCƏK? backend

“Media İnkişaf Agentliyi informasiya resursları, saytlar qarşısında tələb qoyur ki, hər bir media qurumu 20 özəl material hazırlamalıdır. Yəni, öz istehsalı olan məhsullara üstünlük verməlidir. Əslində MEDİA-nın tələbi bu günümüzün tələbi deyil, xeyli əvvəldən bu tələb var idi. Bəlkə bir ilə yaxındır ki, bu tələb irəli sürülüb. Mən onları başa düşürəm. MEDİA bu cür tələblə saytların inkişafını düşünür. Amma ortada reallıq var. Ölkə saytlarının 90 faizindən çoxu bir nəfərdən ibarətdir. Onların da əksəriyyəti reketçiliklə məşğuldur. Həmin tələbi yerinə yetirə biləcək saytlar gündəmdə olan, ciddi resursları ola bilər. Media İnkişaf Agentliyi bu tələbləri özünün maliyyələşdirdiyi informasiya resursları qarşısında qoyur. Bu tələbin irəli sürülməsi tövsiyyə xarakteri daşısaydı daha yaxşı olardı”.

Bunu Publika.az-a açıqlamasında “Elçi” qəzetinin və “elchi.az” saytının baş redaktoru Əli Həziquliyev deyib.

Baş redaktor bildirib ki, bu məsələnin tələb kimi qoyulması bir növ həmin saytlarda məsuliyyət hissinin gücləndirilməsi məqsədi daşıyır:

“Müsbət tərəfi odur ki, saytlar öz işlərinə məsuliyyətlə yanaşır, işçiləri qarşısında bir sıra tələblər qoyurlar. Amma bütün bunlarla yanaşı, günə 20 özəl material verilməsi tələbinin neqativ tərəfləri də var. Məsələnin məhz bu tərəfindən danışmaq istəyirəm. Bir mövzu ətrafında 10, hətta 20 xəbər hazırlamaq mümkündür. Sadəcə olaraq bizim o qədər ekspertlərimiz, siyasi şərhçilərimiz yoxdur. Ən əsası Azərbaycan elə böyük ölkə deyil ki, gündəm ola biləcək 20 hadisə baş versin. Bu bir reallıqdır. Media İnkişaf Agentliyinin maliyyələşdirdiyi 50-yə yaxın sayt var. Bu 50 saytın 20 özəl material hazırlaması gün ərzində 1000 xəbər deməkdir. Həmin 1000 xəbəri hazırlamaq üçün redaksiyaların faktiki potensialı yoxdur. Digər tərəfdən, bu qədər informasiyanı toplamaq mümkün deyil. Eyni zamanda, bu tendensiya özü ilə bərbabər bir sıra neqativlər gətirə bilir”.

Əli Həziquliyevin fikrincə, saytlar bu durumdan “çıxış yolunu” sosial şəbəkə “politoloqları”nın, “ekpert”lərinin “fikirləri” ilə doldurmağa çalışacaqlar:

“Son dövrlər sosial şəbəkələrdə başqalarının fikirini özününküləşdirən, “copy-past” fikirləri öz düşüncə məhsulu kimi sırımağa çalışan “ekspert”lər peyda olub. Saytlar da 20 xəbər öhdəliyini yerinə yetirmək üçün onların fikirlərini tirajlamağa başlayacaq. Bu da yağışdan sonra meydana gələn göbələk misalı, bir sıra saxta ekspertlərin yaranmasına gətirib çıxaracaq. Həmin nüanslar isə cəmiyyəti çaşdırır. Politoloq və ekspert kimi formalaşmaq üçün müəyyən zaman lazımdır. Beləliklə, redaksiyalar öz saytlarını keyfiyyətsiz materiallarla doldurmaqla məşğul olur. Statistika sayğacı isə bu cür “xəbərləri” sayacaq. Bu cür “xəbərləri” tirajlayan saytlar isə dövlətin rəsmi siyasətini bir kənara qoyacaq. Bu da ikinci mənfi tendensiyadır. Həmin media resursları dövlət rəsmilərinin açıqlamalarına önəm verməyəcəklər. Keyfiyyətli materialların hazırlanması, araşdırılması, tezislər üzərində hərtərəfli işləmək zaman tələb edir. Bunun üçün bir-iki gün vaxt lazımdır. Söhbət MEDİA-nın maliyyələşdirdiyi 50 saytın potensialından gedir. Saytlar dövlətin rəsmi xəbərlərini 2-ci plana atırlar. Çünki MEDİA həmin xəbərləri mövcud statistikaya salmır. Ona görə də saytlar üçün rəsmi xəbərlər daha az əhəmiyyət daşıyır. Çünki statistika sayğacında tələb olunan 20 xəbərin içərisində onlar yer almırlar. Beləliklə, dövlətin apardığı daxili və xarici siyasətin təbliğatı bir növ ikinci plana keçir. Medianı mütəmadi izləyən insanlarda belə bir fikir formalaşır ki, doğrudan da gündəm xəbərləri elə budur. Yəni, əhali lazımsız gündəmlə yüklənir. Cəmiyyət də doğru olmayan istiqamətə istiqamətləndirilir. MEDİA-nın qərarları müsbətə doğru bir addım kimi qiymətləndirilsə də, 20 xəbər tələbinə yenidən baxa bilər. Fikrimcə, 20 xəbərin içərisinə rəsmi dövlət qurumlarının informasiyaları da daxil edilməlidir”.

Diaspora