Azərbaycan milli mətbuatının 140 illik yubileyinə töhfə

Azərbaycan milli mətbuatının 140 illik yubileyinə töhfə backend

Prezident İlham Əliyevin “Azərbaycan мilli мətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, respublikanın bütün elmi təşkilatlarında olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da silsilə tədbirlər həyata keçirilib. Bu yubiley ərəfəsində institut alimləri mətbuat tariximizin araşdırılması sahəsində bir nеçə kitab hazırlayıb və nəşr etdiriblər.

Bu istiqamətdə həyata keçirilən əhəmiyyətli işlərdən biri institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyevanın nəşrə hazırladığı “İmzalar” adlı biblioqrafik göstəricidir.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin elmi şurasının müvafiq qərarı ilə “Letterpress” nəşriyyatında işıq üzü görən 312 səhifədən ibarət bu kitab tanınmış publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin “İmzalar” kitabı əsasında çapa hazırlanıb.

Tədqiqatçıların müzakirəsinə təqdim olunan göstərici iki hissədən ibarətdir. Birinci hissəyə Q.Məmmədlinin hazırladığı “İmzalar” kitabı daxil edilib.

A.Əliyevanın hazırladığı ikinci hissədə isə əvvəlcə müəlliflərin ad və familiyaları, sonra onlara aid edilən imzalar əlavə olunub. Bununla, tədqiqatçının hər iki halda – imzanın müəllifini və müəllifin imzalarını tapmaqda əvvəlki biblioqrafiyada üzləşdiyi çətinlik aradan qaldırılıb. Bu nəşr elmi, biblioqrafik sənədli mənbələr əsasında yeni müəllif və imzalar ilə zənginləşdirilib.

A.Əliyevanın kitaba yazdığı geniş “Ön söz”də mətbuatımızda işlənən gizli imzaların toplanılma tarixinə xüsusi ekskurs edilib.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifovadır.
Diaspora