Oktyabrın 18-də Ağcabədi Pedaqoji Kollecində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Doğma Yurda Qayıdış" İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici görüşlərin təşkili” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirib.
Tədbiri açıq elan edən Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən müəllim Müstəqillik günü münasibətilə görüş iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Direktor müavini zəfərin tarixi əhəmiyyətindən danışdıqdan sonra sözü "Doğma Yurda Qayıdış" İctimai Birliyinin sədri, layihənin rəhbəri Səməd Hətəmov verib.
Layihənin rəhbəri Səməd Hətəmov layihəni maliyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri– Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib, layihənin məqsədi ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb, 44 günlük II Qarabağ müharibəsinin tarixi əhəmiyyətindən, müharibə dövründəki milli həmrəyliklə bağlı məruzə edib.
Daha sonra söz II Qarabağ müharibəsinin iştirakçısı, kapitan, politoloq, layihənin eksperti Taleh Əliyevə verilib. Taleh Əliyev keçdiyi döyüş yolundan, xalq ordu həmrəyliyindən, xalqın orduya dəstəyi, qələbəni şərtləndirən əsas amillər, dövlətin daha da qüdrətlənməsi üçün gəncliyin üzərinə düşən vəzifələrlə bağlı çıxış edib.
Görüşün gedişində tələbələrə mövzu ilə bağlı hazırlanmış buklet paylanıb.
Çıxışlardan sonra layihə çərçivəsində hazırlanmış “Zəfərdən zəfərə” filmi nümayiş olunub. Çıxışlar və film tələbələrin marağına səbəb olub.
Sonda layihə rəhbəri Səməd Hətəmov görüşün təşkilinə görə Ağcabədi Rayon İcra Hakimiyyətinə və Ağcabədi Pedaqoji Kollecinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Doğma Yurda Qayıdış İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici tədbirlərin təşkili” adlı layihə çərçivəsində Ağdam, Ağcabədi və Bərdə rayonlarında, hər birində 50 nəfər olmaqla, 150 nəfər gənc və yeniyetmə üçün 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin təbliği ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi, II Vətən müharibəsinə həsr olunmuş sənədli film çəkilməsi və görüş iştirakçılarına nümayiş olunması nəzərdə tutulub
Mənbə: Xeberdar.net









