Bu gün Baş qazi Etimad Əsədovun vəfatının ildönümüdür - məzarı ziyarət edildi - FOTO

Bu gün Baş qazi Etimad Əsədovun vəfatının ildönümüdür - məzarı ziyarət edildi - FOTO backend

Bu gün Baş qazi Etimad Əsədovun vəfatının ildönümüdür

Qaziler.az bildirir ki, Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olmuş Etimad Əsədovun vəfatından dörd il ötür. Bununla bağlı "Qarabağ qaziləri" İctimai Birliyinin rəhbərliyi və üzvləri, Etimad Əsədovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları onun məzarını ziyarət ediblər. Məzarı başında Etimad Əsədovun keçdiyi şərəfli döyüş yolundan, onun Qarabağ əlilləri üçün gördüyü işlərdən danışılıb və ruhuna dualar oxunub. 

Qaziler.az xatırladır ki, Etimad Savalan oğlu Əsədov 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kəndin orta məktəbini bitirib.

1982-84 –cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991–ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il martın 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixdə imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.

Ali təhsilli idi.

Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.

Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov 2018-ci ilin oktyabrın 16-da vəfat edib.

Allah rəhmət eləsin!

Diaspora