“30 il ərzində böyük işlər gördüyümüzün şahidi oldum” - Umud Mirzəyev

“30 il ərzində böyük işlər gördüyümüzün şahidi oldum” - Umud Mirzəyev backend

Oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Qaziler.az Ednews-a istinadla xəbər verir ki, BAMF-ın prezidenti Umud Mirzəyev tədbirdə çıxış edərək bunları söyləyib:

“Əziz dostlar, hörmətli tədbir iştirakçıları, hər birinizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubiley tədbirində salamlayıram. Bu gün burada müxtəlif ölkələrdən gələn dəyərli dostlarımızı, iştirak edən hökümət rəsmilərini, beynəlxalq təşkilatların, səfirliklərin, yerli QHT-lərin nümayəndələrini və media işçilərini görməkdən məmnunluq hissi duyuram.

Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmış beynəlxalq qeyri-hökümət təşkilatıdır. Təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur. BAMF 2007-ci ildə BMT-nin İqtisadi Sosial Şurasının QHT (ECOSOC) bölməsinin Xüsusi məşvərətçi statusunu, 2014-cü ilin yanvarında isə Əsas Məşvərətçi statusunu qazanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, BAMF post-sovet regionunda bu statusa yiyələnən yeganə təşkilatlardan biridir.

Bu il 4 sentyabrda Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 ili tamam oldu. Bu tarixi gün Azərbaycan vətəndaş cəmiyyəti və eləcə də bizim üçün olduqca ələmətdar bir hadisədir. Geridə qoyduğumuz üç onillik ərzində fondun öz məram və vəzifəsinə uyğun olaraq həyata keçirdiyi bütün tədbirlər birmənalı qaydada Azərbaycanda, regionda və eləcə də dünyada gedən proseslərlə sıx bağlı olmuş və dünya xalqlarının rifahının, tərəqqisinin artmasına, sabitliyə və hərtərəfli inkişafa əsaslanmışdır.

İndi izləyəcəyiniz video-materialı hazırlayarkən, 30 il ərzində necə böyük və önəmli işlər gördüyümüzün bir daha şahidi oldum. Keçdiyimiz çətin və şərəfli yolu göz önünə gətirdikdə həqiqətən də BAMF-ın cəmiyyətdəki rolunu və mövqeyini hiss etmək elə də çətin olmur.

Əziz dostlar, bu bir həqiqətdir ki, dünya günbəgün hər birimizin evinə çevrilir. Eyni yerin üstündə, eyni göyüzünün altında, eyni təbiətin cazibəsində yaşayırıq. Qloballaşan dünyada həmrəylik üçün bundan ciddi səbəb ola bilərmi? Küllü-bəşəri qorumaq dinindən, dilindən, irqindən, cinsindən, yaşadığı coğrafiyadan asılı olmayaraq, hər bir kəsin borcudur. Çünki dünya hamımızındır”.

Hazırda BAMF-ın 30 illik yubileyi ilə bağlı tədbir davam etməkdədir.

Diaspora