Zəlzələ Şəki və Oğuzun bir sıra kəndlərindəki köhnə tikililərdə çatlar yaratdı

Zəlzələ Şəki və Oğuzun bir sıra kəndlərindəki köhnə tikililərdə çatlar yaratdı backend

Bu gün səhər saatlarında Azərbaycanda baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.

Oğuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Yusifov APA TV-nin Şəki-Zaqatala bürosuna bildirib ki, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xırda çatlar yaranıb. Bir neçə evin divarında isə az miqyaslı uçma halları qeydə alınıb.

Şəki rayonunun dövlət qurumlarından bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndindəki köhnə tikililərdə çatlar yaranıb.

Hər iki rayonun Fövqəladə Hallar Komissiyasının əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir. Xəsarət alan yoxdur.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki ərazisində qeydə alınıb. 13 km dərinlikdə baş verən zəlzələ episentrdə 7 bala qədər, Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Gəncə, Şirvan və Mingəçevir şəhərlərində 3-6 bala qədər hiss olunub.

Həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib. Azərbaycanda qeydə alınan zəlzələnin Türkiyə ərazisində də hiss olunduğu bildirilir.





Diaspora