Reabilitasiya vasitələrinin verilməsi ilə bağlı Nazirlər Kabinetinin 501 saylı qərarına əlavə və dəyişikliklər ediləcək.
Apa xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin müdir müavini Zərifə Kamilova "Sosial saat"da deyib.
O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır.
"Reabilitasiya vasitələrinin verilməsi prosesi Nazirlər Kabinetinin 501 saylı qərarına əsasən təmin edilir. Qərarda reabilitasiya vasitələrinin siyahısı, göstəriş və əks-göstərişlərlə bağlı müddəalar var. Hazırda siyahıda 57 adda reabilitasiya vasitəsi mövcuddur. Lakin bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizdə əlavə reabilitasiya vasitələri ilə bağlı sorğusu keçirildi. Vətəndaşlardan gələn təklif və şərhlər nəzərə alınaraq hazırda 501-ci qərara dəyişiklik və əlavələr üzərində iş gedir. Təkliflər qəbul olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək" - deyə o qeyd edib.