Samir Şərifov Ankarada G20 ölkələrinin iclasında iştirak edir

Samir Şərifov Ankarada G20 ölkələrinin iclasında iştirak edir backend

Sentyabrın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində "Böyük İyirmiliyin" (G20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası öz işinə başlayıb.



Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək toplantıda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da iştirak edir.

G20 ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin G20 qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20-nin builki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.