Vətən müharibəsi nəticəsində xalqımızın ləyaqəti bərpa olundu - Qazi Anar Azadov

Vətən müharibəsi nəticəsində xalqımızın ləyaqəti bərpa olundu - Qazi Anar Azadov backend

Hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan öz siyasi, hərbi gücünü, hətta dayanıqlı maliyyə durumunu belə dost və düşmən ölkələrə nümayiş etdirdi.

İkinci Qarabağ savaşının üzərindən qısa zaman keçməsinə baxmayaraq, ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək istəyənlər və müttəfiq olmaq üçün səy göstərənlər durmadan artır. Çünki, həm siyasi müstəvidə, həm də döyüş meydanında Azərbaycan sözün əsl mənasında qarşı tərəfə meydan oxudu. Rəsmi Bakı Qarabağ münaqişəsini illərdir danışıqlar yolu ilə həll etməyə çalışsa da düşmən bu məsələdə ciddi mövqe nümayiş etdirmədi və bununla da Azərbaycan öz torpaqlarını hərbi güclə geri almaq məcburiyyətində qaldı. Danışıqlar dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, terrorçu addımları bizi münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığına əmin etdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın 05 avqust 2019-cu il tarixdə Azərbaycanın əzəli və tarixi torpağı olan Xankəndidə təşkil olunmuş tədbirdəki çıxışında “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deməsi danışıqlar prosesinin bir daha əhəmiyyətsiz olduğunu dünya qarşısında sübut etdi. Lakin reallıq göz önündə idi, münaqişənin sülh yolu ilə həlli absurd görünürdü. Çünki 30 il ərzində düşmən hər vəchlə və müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə danışıqlar çərçivəsində həll olunmasına maneə yaradırdı. Halbuki bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin yüksək vəzifəli rəsmi nümayəndələri daim münaqişənin hərbi həllinin olmadığını bildirirdilər.

Nəhayət, sentyabrın 27-də Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmalarına cavab olaraq, müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğal altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz geri alındı. Azad olunmuş rayon mərkəzlərinin, kəndlərin və digər yaşayış məntəqələrimizin erməni vəhşiliyinə məruz qalması aydın şəkildə dünyaya nümayiş olunur. Xain düşmənlər qanunsuz olaraq işğal altında saxladıqları torpaqlarımızda nəinki daşı daş üstünə qoyub, əksinə Azərbaycanın həmin yaşayış məntəqələrində işğaldan əvvəl mövcud olmuş bütün obyektlərini, infrastrukturunu, dini və mədəni abidələrimizi talan və məhv etmişlər. Ermənilər müsəlman ölkəsi olan Azərbaycanın məscidlərini dağıtmaqla, mal və donuz tövləsinə çevirməklə nəinki xalqımızı, o cümlədən bütün müsəlman dünyasını təhqir ediblər. Onlar pravoslav kilsəsində də barbarlığa yol vermiş, xristianlıqdan sui-istifadə etdiklərini dəlil kimi ortaya qoymuşlar.

Azərbaycanda ordu quruculuğu məsələləri, ordunun təkmilləşdirilməsi, maddi texniki bazasının yüksəldilməsi, arsenalının müasir texnika və silahlarla zənginləşdirilməsi Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində saxladığı məsələlərdəndir. Rəşadəti ilə düşməni və onun havadarlarını vahiməyə salan yenilməz ordumuz bundan sonra da güclənəcək, döyüş ruhu və əzmi daha da artacaq. Artıq digər ölkələrlə yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır və yaxın müddət ərzində onların gətirilməsi də təmin ediləcəkdir. Vətən müharibəsi, eyni zamanda, ordunun gələcəkdə daha da təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və ən müasir, daha modern ordunun yaranmasına gətirib çıxaracaqdır. 44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə olunmasında digər ordu birləşmələrimizlə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin də rolu yüksək və danılmazdır. Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.

Azərbaycan Prezidenti həmişə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir. Bunun üçün müxtəlif təxribatlara əl atan düşmən və sığındığı qüvvələr tərəfimizdən daim susdurulub. Artıq Azərbaycan öz dəmir yumruğunu düşmənin başına qətiyyətlə endirdi və dövlət başçısı xalqımızın tarixi zəfəri ilə öz sözünün sahibi olduğunu təsdiq etdi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 27 sentyabr Anım Günündə Füzuli rayonuna səfər etmələri, Qaraxanbəyli kəndində-  Vətən müharibəsinin ilk şəhidlərinin şəhadətə yüksəldiyi yerdə şəhidlərimizin əziz xatirələrinə ucaldılmış abidəni ziyarət etmələri şəhidlərimizin ruhuna dərin ehtiramın daha bir nümunəsidir.  Bu müqəddəs abidə önündə  çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki,
"Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik.” 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Anar Azadov
Vətən müharibəsi qazisi

Qaziler.az

Diaspora