Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 15, Bankədə 1 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2014-cü il fevralın 16-da 382 sm), Şirvanda 195 sm (2014-cü il fevralın 16-da 246 sm), Salyanda 145 sm (2014-cü il fevralın 16-da 200 sm), Bankədə 177 sm (2014-cü il fevralın 16-da 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2014-cü il fevralın 16-da 160 sm) təşkil edir.