“Fizuli alınanda qızına zəng edib dedi ki, səni Azıx mağarasına aparacağam...” - FOTO

“Fizuli alınanda qızına zəng edib dedi ki, səni Azıx mağarasına aparacağam...” - FOTO backend

2-ci Qarabağ müharibəsinin başlandığı tarixdən artıq 2 il ötür. Vətən uğrunda canlarını sipər edən şəhidlərdən biri də Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovdur. Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.

2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. O, 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib.

 

Şəhidimizin anası Ləzifə Cəbrayılova Moderator.az-a açıqlamasında övladının medalları ilə təsəlli tapdığını deyir.

“2-ci Qarabağ müharibəsinin başlamasından 2 il ötür. Oğlum da bu müharibədə canından çox sevdiyi vətəni, torpağı üçün özünü fəad etdi. Bu gün yeganə təsəllim torpaqların azad olunması və Sübhana dövlət tərəfindən verilən fəxri adlardır. Cəbrayıl alınanda zəng edib, bizi təbrik etdi. Bir bilsəniz necə sevinirdi, körpə uşaq kimi idi. Torpağa, vətənə bu qədər sevgi hər insanda olmur” deyə şəhidimizin anası bildirib.

 

O, daha sonra əlavə edib:

“Sübhan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Aprel döyüşlərində yoldaşlarından çoxu şəhid oldu, ona dedim ki, “bəlkə xidmətini yarımçıq saxlayasan?”. Dedi ki, “xeyr, yoldaşlarım şəhid olub, onların qanını mən almayacam, bəs kim alacaq?” Dedi ki, bu işimdən heç vaxt əl çəkə bilmərəm. Evdə çox olmurdu, təsadüf hallarda evdə qalardı. Onunla bir yerdə heç yerə gedə bilmirdik. Evdə olanda da vaxtını ancaq ailəsinə, uşaqlarına həsr edirdi. Onları yeni-yeni yerlərlə tanış edirdi, gəzintilərə çıxarırdı. Hər dəqiqə, hər saniyə gözümün qabağındadır. Elə bilirəm ki, yanımdadır, əllərini əlimdə hiss edirəm” deyə şəhidimizin anası bildirib.

 

Ləzifə Cəbrayılova oğlu ilə son telefon danışığını belə xatırlayır.

“Sonuncu dəfə oğlumla sentyabrın 25-i danışmışam. Təlimə gedəcəyini bildirdi. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Nə biləydim ki, oğlum şəhid olacaq, nə biləydim sonuncu dəfə onunla danışıram?! Nə biləydim ki, şəhid anası olacağam?! Sübhan Füzuli, Hadrut, Cəbrayıl və Zəngilanın tam alınmasında iştirak edib. Qubadlıda iki kənd alındıqdan sonra oktyabrın 19-da şəhid olub. Oktyabrın 20-də bizə xəbər verdilər. Nəşi iki gün neytral ərazidə qalıb. İnanmırdım, deyirdim, “yox, o, heç vaxt şəhid olmaz”. Oktyabrın 23-ü onun ad günü idi. Həmin gün bayrağa bükülmüş tabutu evimizə girdi. Ayın 23-də dəfn etdik. Arzusu idi ki, Şuşaya gedib məsciddə namaz qılsın. Döyüş yoldaşlarına deyirmiş ki, “oktyabrın 23-ü ad günümdür, ona kimi Şuşaya gedib çıxarıq, ad günümdə Şuşada namaz qılacağam”. Qismət olmadı. Fizuli alınanda qızı ilə telefonla danışırdı, deyirdi ki, səni Azıx mağarasına aparacağam. Balamın bütün arzuları ürəyində qaldı” deyə şəhidimizin anası bildirib.

Diaspora