Səhər saat 6-da işə başlayan süpürgəçilər - XÜSUSİ REPORTAJ

Səhər saat 6-da işə başlayan süpürgəçilər -  XÜSUSİ REPORTAJ backend

Saat 6-nın yarısıdır. Bu vaxt yuxunun ən şirin vaxtı olur. Amma bəzi insanlar üçün iş vaxtı məhz bu saatdan başlayır. Buna səbəb isə biz vətəndaşlarıq.

Dürxanım Məhəmmədliyeva 25 ildir süpürgəçi işləyir. Bakının Səbayel rayonunda, metronun "Sahil" stansiyası yaxınlığında ərazinin təmizliyinə baxan onlarla qadından biridir. Onu belə əsəbiləşdirən isə zibil qabının nə olduğunu bilməyən insanlardır: "1990-cı ildən işləyirəm. Burdan da ev almışam. Qabaqlar çətin deyildi. İndi çətindir. Bu zibil qablarının içinə ev zibili tökürlər. Bu isə bizi yorur".



Əlimizdə olan zibili asanlıqla ayağımızın altına atmaq acınacaqlı görüntülər ortaya çıxarır. Bunu təkcə küçələrdə müşahidə etmirik. Yol getdiyiniz yerdə başınıza uşaq bezi, kartof, soğan qabığı dolu sellofan torbalar düşsə, heç təəccüblənməyin. Əsasən binaların yuxarı mərtəbələrində yaşayan və özündən başqa heç kimi düşünməyən bəzi xanımlar işlərini asanlaşdırmaq üçün bu yola əl atır - yəni zibili birbaşa eyvandan küçəyə tullamağa. Məhz belələrinin ucbatındandır ki, yol boyu ayağımızın altında hər cür zibil tullantılarına rast gəlirik. Bu eybəcərliyi yaradanların özləri gün ərzində heç nə olmamış kimi həmin zibillərin üzərindən laqeydliklə keçib yollarına davam edirlər. Ancaq hər gün onlar şirin yuxuda olarkən bu yaşlı qadınlar küçələri elələrinin tör-töküntüsündən təmizləməli, min bir əziyyətlə zibil yığmalı olurlar.

Süpürgəçi qadınların bir iş gününü izləmək üçün sübh tezdən onların çalışdıqları əraziyə getdik. Hava hələ qaranlıqdır. Xanımlar yavaş-yavaş iş yerlərinə gəlirlər. Bütün heyət yığıldıqdan sonra təlimat alıb işə başlayırlar.

Köməkçi Validə Axundova: "İşimiz saat 6.00-da başlayır. Xadimələr gəlir. Xalatlarını geyinib, əraziyə çıxırlar. Hər kəsin öz ərazisi var. Saat 6-dan 8-dək biz ərazini bitirməliyik. Hər iki saatdan bir biz sahədəyik. Gəlib çaylarını içib yenə əraziyə çıxırlar. Bizim qablarımız var. Hər gün silinir, təmizlənir".

Validə xanım təmizliyi sevdiyini bildirir. Deyir, hava şəraitindən asılı olmayaraq hər gün eyni vaxtda iş başındadırlar: "81-ci ildən burada işləyirəm. Saata baxmadan hər gün eyni vaxtda işimə gəlirəm. İşimi də, təmizliyi də sevirəm".

İllərdir eyni işi görən bu insanlar yerə zibil atanların sayının azalmaqdansa, gündən-günə artdığını deyirlər. Özü də ərazidə zibil qutularının sayının xeyli artırıldığı bir zamanda: "Bizim vətəndaşlar əllərinə nə düşdü, yerə atırlar. Yedikləri yerlərdədir. Buna baxmayaraq, biz elə öz işimizlə məşğuluq. Bəzi vətəndaşlar mülayimdir. Eləsi də var ki, yaxşı rəftar etmir. Deyirsən ki, atmayın. Kobud cavab verir. Qışda qarı, payızda yarpaqları təmizləyirik. Çoxunu kişilər edir. Siqaret kötüklərini atırlar. Axı qablar qoyulub".

Burada çalışanların, demək olar, hamısı yaşlı qadınlardır. Zibili yerə atan əksər gənclərin analarından xeyli yaşlı qadınlar. Ancaq onlar təmizlik işini canla-başla yerinə yetirirlər. Nuriyə xala 25 ildir ömrünü bu işə sərf edib. Deyir, çox vaxt sərxoş insanların kobudluqları ilə qarşılaşırlar. Amma buna alışdıqları üçün sadəcə susub, işlərinə davam edirlər.

Nuriyə Şabanova: "25 ildir bu işlə məşğulam. Hər gün saat 6-da gəlirik, 8-ə qədər işimizi bitiririk. Sonra yenə gedirik. Tökürlər yerə yığışdırırıq. Nə edək? Kağız atırlar, yemək atırlar, nə istəyirsən atırlar yerə".

Süpürgəçilərin işi də gözlənilməzliklərlə doludur. Bəzən bu gözlənilməzlik onlara həyatları bahasına başa gəlir. Bəzən qaranlıq küçələri təmizləyərkən sözügedən təhlükə qaçılmaz olur. Bu günlərdə 1980-ci il l təvəllüdlü İsmayılova Leyla da belə təhlükələrdən birinin qurbanı olub. Gecə küçəni süpürərkən onu maşın vurub. Nəticədə Leyla hadisə yerindəcə keçinib, onu vuran maşının sürücüsü isə hadisə yerindən qaçıb.

Biz bir saat yarımdır ki, burdayıq. Artıq səhər açılır. Ancaq bu qadınların işi axşam saatlarına qədər davam edəcək. Siz çəkdiyiniz siqaret kötüklərini, yediyiniz qidaların qabıqlarını, kağızlarını asanlıqla küçələrə atırsınız. Bu zibillər isə küçələrdən analarımız yaşda qadınların əziyyəti hesabına təmizlənir. Gəlin, onlara hörmət edək.
Diaspora