Sentyabrın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikasında 2022-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıları Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıb.
Bu barədə APA-ya SHXÇDX-dən məlumat verilib. Məlumata görə, bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də xidmət yerləri barədə məlumat əldə edə bilərlər. Qısa mesaj xidməti üçün bütün mobil operatorlara məxsus nömrələrdən istifadə etmək mümkündür.