AİB ilə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıldı

AİB ilə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıldı backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının baş iqtisadçısı, iqtisadi tədqiqatlar və regional əməkdaşlıq departamentinin baş direktoru Albert Park ilə görüş olub.

Qaziler.az nazirliyə istinadla xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verib. 

O, son 4 ildə Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən 3 sosial islahat paketinin reallaşdırıldığını, bu islahatlar üçün 6 milyard manat əlavə vəsait ayrıldığını qeyd edib. Həmin dövrdə ölkəmizdə minimum aylıq əməkhaqqının 2,3 dəfə, orta aylıq əməkhaqqının 53 faiz, əməkhaqqı fondunun 2,2 dəfə, minimum aylıq pensiyanın 2,2 dəfə, orta aylıq pensiyanın 77 faiz artdığını bildirib.

A.Kərimov sosial müavinət və təqaüd ödənişlərində də son 4 ildə 3,5 dəfə artım olduğunu, 2022-ci ilin əvvəlindən 3,4 milyon vətəndaşı əhatə edən növbəti islahat paketi üzrə illik 2,1 mlrd. manat əlavə vəsait yönəldildiyini qeyd edib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, digər həssas qrupların rifahına yönəlik sosial proqramlar, əmək, məşğulluq, sosial xidmət sahələrində aparılan islahatlar, sosial islahatların hədəfləri barədə də məlumat verilib.

A.Park Azərbaycanda sosial islahatların davamlı xarakter almasının, həssas qruplarla bağlı sosial dəstək proqramlarının icrasının təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankının ötən dövrdəki uğurlu birgə iş təcrübəsindən bəhs olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

loading...
Diaspora