Bakıda 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək

Bakıda 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək backend

Sentyabrın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (“BIHE”) keçiriləcək.



Sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir. “BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Bu il “BIHE” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında dünyanın 18 ölkəsindən 120-dın çox şirkət var. Çex Respublikası sərgidə milli stendlə çıxış edəcək. Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə əczaçılıq şirkətləri isə sərgidə ilk dəfə olaraq birgə stendlə iştirak edəcəklər. Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distributorları da iştirak edəcək. Yerli distributorlar arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır.

Ümumilikdə bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də uşaq qidaları təqdim edəcəklər. Həmçinin bu il sərgidən əvvəl “onlayn” kataloq dərc olunacaq. Bu kataloq sərgidə nümayiş olunacaq səhiyyə sahələri üzrə yeni məhsulları əks etdirəcək. Kataloqa orqanizmdəki qanın maksimum dəqiq və ətraflı analizini həyata keçirən aparat, ana bətnində döl qüsurlarının erkən diaqnostikasını həyata keçirən ən son aparatlar, xəstənin bədən vəziyyətinin tənzimlənməsi üçün müxtəlif funksiyalı ən yeni əməliyyat kürsüləri, müxtəlif yeni əczaçılıq preparatları və digər məhsullar daxil edilib. Yeni məhsulların “onlayn” kataloqunu sərginin açılışına bir həftə qalmış www.bihe.az saytından əldə etmək mümkün olacaq.

Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcəklər. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcəklər. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

Sərgi öz geniş işgüzar proqramı ilə də fərqlənəcək. Belə ki, sentyabr ayının 18-də Bakı Ekspo Mərkəzində “Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir. Sentyabr ayının 19-da isə Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə bölüşə biləcəklər. Builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində “B2B” formatlı korporativ görüşlərin təşkili olacaq.

“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya (“Stomatology Azerbaijan 2015”) və 9-cu Azərbaycan Beynəlxalq “Gözəllik və estetik tibb” (“Beauty Azerbaijan 2015”) sərgiləri keçiriləcək.

Beləliklə, ”BIHE” sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi məkana çevriləcək.
Diaspora