Ramil Usubov Minskə yola düşüb

Ramil Usubov Minskə yola düşüb backend

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minsk şəhərinə yola düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üç gün davam edəcək tədbirdə MDB-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılacaq.

Şuranın iclasında informasiya texnologiyalarının tətbiqi ilə və bu sahədə törədilən cinayətlərlə mübarizədə iştirakçı dövlətlərin əməkdaşlığına dair Proqram və Saziş layihələrinin qəbul edilməsi, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun ixtisaslaşdırılımış məlumat bankının fəaliyyəti barədə Təlimatın təsdiqi nəzərdə tutulur. Eyni zamanda, psixotrop, narkotik və insan orqanizmi üçün zərərli olan təhlükəli kimyəvi maddələrin qanunsuz dövriyyəsinə və avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizədə daxili işlər (polis) orqanlarının işbirliyinin təkmilləşdirilməsi, həmçinin beynəlxalq kütləvi idman və əyləncəli tədbirlərin keçirilməsi zamanı azarkeşlərin hüquqazidd əməllərinin qarşısının alınması yönündə məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Diaspora