Qarabağ əlilləri səlahiyyətli qurumlara problemlərindən danışdılar

Qarabağ əlilləri səlahiyyətli qurumlara problemlərindən danışdılar backend

QAZİLER.AZ saytı xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlığın qurulması” adlı layihə ilə bağlı dəyirmi masa keçirib.

Birliyin sədri Məhəmmədhəsən Həsənov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd şəhid ailələri, əlilləri və Qarabağ müharibəsi əlilləri və veteranları ilə icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlığın qurulmasına və onların problemlərinin daha sivil yolla həllinə nail olmaqdır.

O, ölkəmizdə dövlət tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial problemlərinin həlli istiqamətində ciddi tədbirlər görüldüyünü qeyd edib: “Bu təbəqədən olan insanların sosial problemlərinin həlli üçün müvafiq qanunvericilik bazası yaradılıb. İstər paytaxtda, istərsə də regionlarda şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün yeni mənzillər tikilib. Həssas təbəqədən olan bu insanlara yeni avtomobillər verilib. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının daha da artırmaq üçün əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərini sürətləndirilib. Amma yerlərdə bəzən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və veteranlarının işsizlik, səhiyyə, mənzil-məişət problemlərinin həllində narahatlıqlar yaşanır. Belə ki, bu insanlar ağır döyüşlərdə iştirak etmiş, döyüş yoldaşları gözlərinin önündə həlak olmuş, yaralanmış, əlil olmuş ermənilərin törətdikləri vəhşiliklərin şahidi olduqlarından, yaxınlarını itirdiklərindən ciddi əsəb sarsıntısı keçiriblər. Hədsiz dərəcədə səbirsiz, hövsələsiz və əsəbləri gərgin vəziyyətdə olan bu insanlara münasibətdə həssas davranış göstərilməsinə ehtiyac var. Amma yerli icra orqanlarında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və veteranları ilə davranışlarda bəzən problemlər meydana çıxır.

“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi hesab edir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemlərinin daha effektiv və qısa zamanda həlli üçün bu təbəqədən olan insanlarla icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlıq qurulmalıdır”.

Tədbirdə müharibə yönümlü ictimai birliklərin rəhbərləri, nümayəndələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, bu nazirliyin Dövlət Məşğulluq Xidmətinin və Səhiyyə Nazirliyinin şöbə müdirləri də iştirak edirdilər. Səlahiyyətli nümayəndələr onlara ünvanlanan sualları cavablandırıblar.

QAZİLER.AZ