Kocaeli şəhərinin Gebze mahalının bələdiyə başçısı Zinnur Büyükgözün başçılığı ilə Türkiyə nümayəndə heyətinin Bakıya səfəri davam edir.
Ednews xəbər verir ki, sentyabrın 9-da nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində mətbuata bəyanatla çıxış edib. Keçirilən mətbuat konfransında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Cəmil Yaman, Kocaeli şəhərinin Gebze mahalının bələdiyyə sədri Zinnur Büyükgöz, AK partiyanın Kocaeli şəhərinin "Qadın Kolları" təşkilatının başçısı Yasəmən Özdəmir, Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Hüseyn Altınalan və digər rəsmilər iştirak ediblər.
İlk olaraq çıxış edən millət vəkili Cəmil Yaman qeyd edib ki, səfərin əsas mahiyyəti iki ölkə arasında qardaşlıq layihələri həyata keçirmək, Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əlaqələri daha da gücləndirməkdir. 3 gündür səfərdə olduğunu xatırladan C.Yaman Azərbaycana 41 nəfərlik heyətlə birlikdə gəldiyini bildirib. O, Azərbaycanla Türkiyənin sarsılmaz əlaqələrinin daha da inkişaf etməsi üçün əlindən gələni etməyə çalışacağını da vurğulayıb.
C.Yaman çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi gücündən və qüdrətindən də söz açıb. O xatırladıb ki, düşmənlə döyüş meydanında təkbaşına savaşan Azərbaycan sonunda öz qələbəsinə nail olub.
"Azərbaycanın və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Amma torpağımızda gözü olanların dərsini verməyə hər an hazırıq", - deyə, türkiyəli deputat əlavə edib.
Daha sonra tədbirdə GƏBZƏ bələdiyyə sədri Zinnur Büyükgöz çıxış edib. O, Azərbaycanın qürbət deyil, ana Vətən olduğunu vurğulayıb:
"Bu gün qardaşlarımızın səsini duymaq, hisslərini bilmək üçün buradayıq. Səfər çərçivəsində Gəncə və Şəkidə olduq, bu şəhərlərin tarixi yerlərini gəzdik. Orada özümüzü öz bölgələrimizdə olduğumuz kimi hiss etdik. Parçası olduğumuz millətin dəyərlərini gördük. İllər əvvəl Bakıda olmuşdum. Bu gün qarşılaşdığım Bakı daha da müasirləşib və memarlığını qoruyan şəhər olub. Biz Azərbaycanda olmağı çox istəyirdik və buna görə də buradayıq. Güclü Türkiyə və Azərbaycan üçün gələcək üçün daha böyük addımlar atmalıyıq".
Konfransda Qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu da iştirak edib. O, nümayəndəliyə “Kocaelidə Milli qəhrəman Polad Həşimovun adına parkın açılması təklifi verib.
Bələdiyyə başçısı Zinnur Büyükgöz cavabında bildirib ki “Polad Həşimova olan hiss sizdə necədirsə, bizdə də eynidir. Bu günki proqramda Polad Həşimovun ailəsini ziyarət edəcəkdik, ancaq təssüf ki, görüşə bilmədik. Onun anası bizimdə anamızdır. Bizim hər rayonumuzda Azərbaycan xatirəsi yaşadılır. Azərbaycana olan sevgimizi görməyə gəldik və nə xoş ki, o sevginin qarşılığını da artıqlaması ilə görürük. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bizim şairlərimiz, yazıçılarımız, türkülərimiz, bayatılarımız, mahnılarımız ortaqdır”.
Daha sonra nümayəndə heyəti jurnalistlərin suallarını cavablandırıblar.
Xatırladaq ki, 7-10 sentyabrda nəzərdə tutulan səfərdə heyət TİKA, Yunus Əmrə İnstitutunda və Bakı Dövlət Universitetində baş tutacaq görüşlərdə də iştirak edəcəklər.


