Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclası başlayıb

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclası başlayıb backend

Sentyabrın 2-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclası öz işinə başlayıb.



AZƏRTAC xəbər verir ki, iclası İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıb. O bildirib ki, tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarını bir araya gətirərək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında əməkdaşlığın qurulmasıdır.

Toplantının açılış mərasimində, həmçinin İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, Nepal Ticarət və əmtəə naziri Sunil Bahadur Thapa, Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyi komitəsinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia çıxış edərək İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıblar.

Daha sonra tədbir plenar sessiyalarda işini davam etdirib. Sessiyalarda qadınlar arasında yoxsulluğun aradan qaldırılması, qadınların sağlamlığı və təhsili, siyasi iştiraklılığı üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Yekun iclasda “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi” qəbul ediləcək.

İclasda Türkiyə, Çin, Rusiya, Pakistan, İran, İraq, Hindistan, Yaponiya, Koreya Respublikası, Qırğızıstan, Laos, Liviya, Monqolustan, Myanma, Nepal, Sudan, Tailand, Banqladeş, Malayziya, Filippin, Kamboca və Nikaraquadan 60-dan çox qadın siyasətçi və ictimai xadim, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.