"Müəllimləri bildik, bəs jurnalistlər hansı sözləri səhv yazırlar?" - Redaktorlar danışdı

"Müəllimləri bildik, bəs jurnalistlər hansı sözləri səhv yazırlar?" -  Redaktorlar danışdı backend

Elm və Təhsil naziri Emin Əmrullayevin ibtidai sinif müəllimlərinin bəzi sözlərin yazılışında səhvə yol verdikləri barədə açıqlaması sosial şəbəkədə media təmsilçiləri arasında müzakirələrə səbəb olub.

Qaziler.az teleqraf.com-a istinadən bildirir ki, onlayn media qurumlarının redaktorlara bu suallarla müraciət olunub: "Maraqlıdır, mətnləri redaktə edəndə jurnalistlərə daha çox hansı sözlərin düzgün yazılmamasına görə irad tutursunuz? Jurnalistlər daha çox hansı sözlərin yazılışında səhv edirlər?"

Cavabları təqdim edirik:

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı: "Elm və təhsil nazirinin müəllimlərin elementar biliklərindən gileylənməsi, əslində, onun səmimiyyətinin məhsuludur. Başqa heç bir nazir öz sahəsindəki bu sayaq naqisliyi dilə gətirməzdi. Bu, əslində böyük problemdir. Əgər müəllimlər adi sözlərin düzgün yazılışını bilmirlərsə, bu, onların mütaliəsinin 0-ın üstündə olmasının göstəricisidir.

Təəssüf ki, bizdə "savadlı adam" deyərkən göz önünə yaxşı danışanlar gəlir, səlis, rəvan, düzgün yazanlar yox. Sözləri düzgün yaza bilməyənlər redaktorların əbədi başağrısıdır.

Şəxsən məndən olsa, "Telefon"u "telfun", "ailə"ni "aylə" yazanları "kampaniya" və "kompaniya" sözlərinin fərqini bilməyənlərlə, ümumiyyətlə, yazılarında çoxlu qrammatik səhvlər buraxan, bilməməzlikdən doğan korrektəlik səhvlərə yol verənlərlə işləmərəm. Yadıma gəlir, mən özüm ilk yazımı qəzetə göndərəndə 3 dəfə üzünü köçürmüşdüm və bir dənə də səhv yox idi. Elə o vaxtdan belə davam edirəm. Təəssüf ki, bu xüsusda vəziyyət gündən-günə pisləşir.

Bəzən yeni yazan jurnalistlərin yazısında iki səhvsiz cümləni ard-arda oxuyanda çox sevinirik, deyirik, gələcəyə ümid var. Amma ölkədə savadlı, səhvsiz yazmaq problemi var və sosial şəbəkələrdəki status və şərhləri oxuyarkən durumun biabırçı olduğunu görürük".

"Report"un redaktoru İmdad Əlizadə: "Psixologiyada belə bir qayda var, bəzi insanların sözlərin düzgün yaza bilməməsi psixoloji pozğunluq kimi qəbul edilir. Bir müddət üzəridə işlədikdən sonra onu aradan qaldırmaq mümkündür.

Sözün düzgün yazılmaması savadsızlıq göstəricisi kimi qəbul edilə bilməz. Bununla yanaşı düşünürəm ki, müəllim sözü düzgün yazmalıdır. Xüsusilə indiki dövrdə hansısa sözün düzgün yazılmadığı təqdirdə bunu qısa müddətdə müəyyənləşdirmək mümkündür. Ən savadlı insanların belə üzərində işlədikləri mətnini kimsə redaktə edir. Eyni zamanda buna korrektor baxır. Bu nə üçündür? Çünki bu insanın mətn üzərində işlədiyi zaman hərf və qrammatik səhvə yol verməsi ehtimalı var.

Hətta ən məşhur adamların belə nəşrlərinin, məqalələrinin, kitablarının redaktoru və korrektoru olur.

Bəzi sözlər var ki, həqiqətən onu daim hamının düzgün yazması mümkün deyil. Məsələn, "administrasiya", "yanlış", "yalnız", "prioritet" və sair kimi sözlərdə hərf səhvlərinin olması ehtimalı çoxdur".

Axar.az saytının redaktoru Anar Əhmədov: "Redaktorların ən çox üzləşdiyi problemlərdən biri də jurnalistlərin bəzi Azərbaycan sözlərini səhv yazmasıdır. Onlardan bəzilərini qeyd edim: "doğrudan"-"doğurdan", "yanlış"-"yalnış", "layihə"-"lahiyə".

Bununla yanaşı şəkilçilərin qoyuluşunda, "da", "də"nin harada bitişik və yaxud ayrı yazılmasında problem yaşayırıq. Ümumiyyətlə, tək müəllimlərin yox, bütün savadlı insanların sözləri düzgün yazmaları gərəkdir. Bunun üçün bilmirəm, hansı qanun və prosedurlar tətbiq olunmalıdır ki, öz dilimizdə öz sözlərimizə daha doğru və hörmətlə yanaşaq".

Trend İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov: "Hətta 20 illik təcrübəsi olan jurnalist belə sözlərin yazılışında səhvlərə yol verir. Hər gün bir çox media vasitəsində, xüsusən də saytlarda belə səvlərlə dolu yazılara rast gəlirik.

Bir redaktor kimi öz təcrübəmə gəldikdə, elə "səhv" sözündən başlayaq. Bəzi hallarda həmkarlar bu sözü "səhf" kimi yazırlar. Eləcə də "əfv" sözü. Yanlış olaraq, bu sözü "əhf" və ya "əf" kimi yazırlar.

Digər bir misal, "monastır" sözünün əsasən "monastr" və ya "manastır" kimi yazılmasıdır.

Son zamanlar daha çox işlənən "delimitasiya və demarkasiya" sözlərində də səhvlərə yol verilir. "Assosiasiya" sözünün nadir hallarda düz yazıldığını görürəm. Əslində, gündəlik xəbər və məqalələrdə səhv yazılan sözlər çoxdur.

Ona görə, gəlin, onlardan bəzilərini, yada düşənləri qruplaşdıraq: Yanlış - yalnış, doğrudan - doğurdan, bugünkü - bu günki, ekskavator - ekskovator, nailiyyət - naliyyət, naliyət, səhm - səhim, sünbül - sümbül, həyəcan - həyacan, qəhrəman - qəhraman, sərlövhə - sərlöhə, sənəd - sənət, sapança - tapanca, və s. - və.s.

Mövzu açılmışkən bir şeyi də deyim. Jurnalistlərin yazı yazarkən daha çox səhv etdikləri bir məqam da abreviaturalardır. Qrammatikanı bilmədiklərinə görə əksər hallarda abreviaturanı səhv yazırlar. Məsələn, Dövlət Sərhəd Xidmətində (DSX). DSX-də yazmaq əvəzinə, DSX-da yazırlar..."

loading...
Diaspora