Bakıda polis adından istifadə edərək 105 min manat dələduzluq edən şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis idarəsindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində – Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui istifadə edərək, 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – 1978-ci il təvəllüdlü, Nazim Tahir oğlu Məmmədov, 1982-ci il təvəllüdlü, Zaur İldırım oğlu Ədilov və Tovuz rayon sakini 1993-cü il təvəllüdlü İlkin Samir oğlu Bayramov tutulublar. Şübhəli şəxslər ətrafında keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş N.Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Z.Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.