Müxtəlif internet resurslarında Azərbaycan haqqında və ayrıca Silahlı Qüvvələrimiz barədəki məlumatların mütəmadi olaraq təhrif olunmasına rast gəlinir.
Ötən ilin aprelində məlumat vermişdik ki, 28 yanvar 2021-ci il tarixindən tutduğu vəzifədən azad olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi general-leytenant Nəcməddin Sadıkov “Vikipediya”da hələ də həmin vəzifənin sahibi kimi təqdim olunur.
Belə ki, “Vikipediya”nın Azərbaycan türkcəsindəki bölməsində sonuncu dəfə 18 mart 2021-ci il tarixində, yəni sözügedən nazir əmrindən az qala 2 ay sonra - redaktə olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı” başlıqlı məlumatda belə yazılırdı:
“Hazırda Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur”...
“Vikipediya”nın rusca bölməsində Nəcməddin Sadıqov haqqındakı 14 mart 2021-ci il tarixli məlumatda da onun hələ də Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini daşıdığı qeyd olunurdu...
Yaxşı ki, bizim iradlarımızdan sonra qeyd edilən səhvlər(?) düzəldilib....
Bu gün isə Moderator.az əməkdaşının başqa mövzu ilə bağlı apardığı bir araşdırma zamanı təsadüfən Nəcməddin Sadıqovla yanaşı, 1-ci Ordu Korpusunun sabiq komandiri Hikmət Həsənovun da “Vikipediya”nın digər mənbələrində hələ də öncəki vəzifələrini sahibləri kimi təqdim olunduğunu müəyyən edib(bax: //az.wikipedia.org/wiki/1-ci_Ordu_Korpusu_(Az%C9%99rbaycan)).
Belə ki, həm Azərbaycan türkcəsi, həm də ingilis dilində verilmiş “1-ci Ordu Korpusu (Azərbaycan)” başlıqlı mənbədəki materialın 3-cü cümləsində belə yazılır(bax ingiliscə: //en.wikipedia.org/wiki/1st_Army_Corps_(Azerbaijan))
"Hal-hazırda korpusa general-mayor Hikmət Həsənov rəhbərlik edir. Halbuki Hikmət Həsənov həmin vəzifədən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə düz 1 il 1 aydan da çox öncə, yəni 3 avqust 2021-ci ildə azad olunub. Sonradan bu vəzifəyə polkovnik Qiyas Abbasov təyin edilib.
“Vikipediya”nın eyni adlı mənbəsindəki “Tarix” bölməsində isə daha "irəli" gedilir:
“Korpus(1-ci Korpus-S.L.) 3 mart 1992-ci ildə Azərbaycanın 701-ci, 708-ci və 130-cu Motoatıcı briqadasından qurulur. Silahlı Qüvvələrin Baş Qərargah rəisi General Nəcməddin Sadıkov korpusun ilk komandiri olur. İştirak etdiyi əməliyyatlar arasında Kəlbəcər döyüşü də vardır...”
Göründüyü kimi, nabələd oxucuya Nəcməddin Sadıkovun sanki hazırda da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olduğu təlqin edilir. Halbuki, hazırda artıq 1 il iki aya yaxındır ki, həmin vəzifəni rəsmən general-polkovnik Kərim Vəliyev daşıyır.
Eyni zamanda yuxarıdakı "İştirak etdiyi əməliyyatlar arasında Kəlbəcər döyüşü də vardır" cümləsi ilə Nəcməddin Sadıkovun 1993-cü İlin mart-aprel aylarında, yəni Kəlbəcər rayonunun işğalı günlərində guya hansısa "qəhrəmanlıq" göstərdiyi nümayiş etdirilir...
Xülasə, məlum olur ki, “1-ci Ordu Korpusu (Azərbaycan)” başlıqlı material sonuncu dəfə 5 may 2022 13:28 tarixində redaktə edilib.
Halbuki, Nəcməddin Sadıkov, dediyimiz kimi, rəsmən 28 yanvar 2021-ci ildə, yəni materilaın sonuncu redaktəsindən düz 1 il 4 ay öncə, Hikmət Həsənov isə 2021-ci il avqustun 3-də, yəni redaktədən 9 ay öncə tutduqları vəzifələrdən azad ediliblər.
Materialın müəlliflərinin təsadüfən səhv etmə ehtimalına inanmaq mümkün deyil. Yəni bu adamlar deyilən müddətlərdə, üstəlik, son redaktədən bəri keçən 4 ay ərzində bu qədər kobud səhv etdiklərinin fərqinə varmayıblar?..
Maraqlıdır ki, sözügedən müddətdə Silahlı Qüvvələrimizlə bağlı bu ciddi səhv müvafiq rəsmi qurumların bu məsələlərlə məşğul olan əməkdaşlarının da diqqətindən yayınıb...
Yaxşı ki, "Vikipediya"nın "Hikmət Həsənov (general-mayor)" adlı mənbəsində sözügedən generalın bəhs edilən vəzifədə olma tarixi düzgün təqdim edilir:
“Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021)”.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov 1993-cü ildə Tərtər rayonu ərazisində 1-ci ordu korpusunun komandiri olduğu vaxtda Hikmət Həsənov da həmin korpusun eyni ərazidə yerləşən "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmət edib.
2017-ci ilin may-iyul aylarında 1-ci ordu korpusunda “Tərtər işgəncələri” deyilən olaylar baş verəndə general-mayor Hikmət Həsənov həmin korpusun komandiri, general-polkovnik Nəcməddin Sadıkov isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub...
moderator.az