“Əl-Cəzirə” və BAMF tərəfindən ərəbdilli jurnalistlər üçün keçirilən təlimlər başa çatıb

“Əl-Cəzirə” və BAMF tərəfindən ərəbdilli jurnalistlər üçün keçirilən təlimlər başa çatıb backend

“Əl Cəzirə” Media Şəbəkəsi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ərəbdilli jurnalistlər üçün təşkil etdiyi təlimlər sentyabrın 5-də başa çatıb.

BAMF-dan Qaziler.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Əl-Cəzirə” Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova, Əməkdar jurnalist Elçin Mirzəbəyli, “Şərq” qəzetinin direktoru Akif Aşırlı və jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu iştirak ediblər.

Tədbir BAMF-ın prezidenti Umud Mirzəyevin çıxışı ilə açıq elan olunub. O, “Əl-Cəzirə”nin əməkdaşlığı ilə birgə təşkil edilən təlimin çox məhsuldar olduğunu bildirib. Umud Mirzəyev, həmçinin təlimin Azərbaycan jurnalistikasının beynəlxalq prinsiplər əsasında formalaşmasına mühüm töhfələr verəcəyini vurğulayıb: “Biz “Əl-Cəzirə” ilə 10 ilə yaxındır ki, əməkdaşlıq edirik. Bu ilin mart ayında bizim rəsmi anlaşmamız oldu və təşkilatımızla “Əl-Cəzirə” arasında memorandum imzalandı. Bildirim ki, təlimlərimiz bununla yekunlaşmır. İrəlidə daha böyük təlimlərin keçirilməsi planlaşdırılır. Biz “Əl-Cəzirə” ilə birlikdə sülh naminə hələ çox addımlar atacağıq. “Əl-Cəzirə” və Azərbaycan münasibətlərinin kökündə məlumatların obyektiv olaraq dünyaya çatdırılması durur. Bizi “Əl-Cəzirə”yə bağlayan əsas nüans məhz ədalətlilik prinsipidir”.

Tədbir zamanı “Əl Cəzirə” Media Şəbəkəsinin jurnalisti Məhəmməd Qulam Bouba da təlim barədə təəssüratlarını bölüşüb: “İlk olaraq, təlimdə iştirak edənlər təlimləri və göstərişləri necə qavrayacaq deyə narahat idim, çünki aramızda dil baryeri var. Amma vaxt keçdikcə gördüm ki, onlar hər bir məlumatı yüksək səviyyədə mənimsəyiblər. Xoşbəxtəm ki, onlar bu peşənin sahibidirlər və inanıram ki, təlim zamanı qazanılan biliklər onlara gələcək fəaliyyətində mühüm töhfələr verəcək”.

Məhəmməd Qulam daha sonra “Əl-Cəzirə” Media Şəbəkəsi adından BAMF-a öz təşəkkürünü bildirərək Umud Mirzəyevə hədiyyə təqdim edib.

Tədbirdə iştirak edən Əməkdar jurnalist Elçin Mirzəbəyli çıxışı zamanı BAMF-ın 30 illiyi münasibətilə təşkilatı təbrik edib. O, Umud Mirzəyevin yaratdığı Fondun Azərbaycanda münbit şüurun formalaşmasına əsaslı təsir etdiyini də vurğulayıb.

“Şərq” qəzetinin təsisçisi Akif Aşırlı da təlimin vacibliyi ilə bağlı fikirlərini bölüşüb: “Təşkilatın ilk yarandığı zaman Qarabağa Umud Mirzəyevlə birlikdə səfərimiz baş tutmuşdu. Həmin dönəmdə biz işğal olunan ərazilərdən reportajlar hazırlayaraq haqqın səsini dünyaya çatdırmağa çalışırdıq. Qeyd edim ki, BAMF Azərbaycanda çoxşaxəli layihələrə imza atıb. BAMF, həmçinin Azərbaycan jurnalistikasının beynəlxalq prinsiplər əsasında formalaşmasına da təsir edib”.

Akif Aşırlı, həmçinin “Əl-Cəzirə” kimi nəhəng media qurumunun təlimlərinə daha çox ehtiyac olduğunu bildirib.

Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova Beynəlxalq əməkdaşlıqların Azərbaycan mediasına gətirdiyi yeniliklərin zəruriliyini vurğulayıb.

Sonda təlim iştirakçıları da öz fikirlərini bölüşüblər. Daha sonra onların sertifikatlarının təqdimat mərasimi keçirilib.

loading...
Diaspora