Səlim Müslümov 20 milyon ödəyib, 7 milyonu verməzsə...

Səlim Müslümov 20 milyon ödəyib, 7 milyonu verməzsə... backend

Hüquqşünas: “Onun barəsində birbaşa həbslə əlaqəli olan cəza təyin edilməlidir”

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə son iki məhkəmə prosesində ittiham aktı elan olunub.

İttihama görə, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verib. Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial - məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

İttiham aktında qeyd edilib ki, Tovuz rayonunda şəhid ailələri üçün evlərin tikilməsinə görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir hissəsi S.Müslümov vasitəsilə mənimsənilib. Bundan başqa, S.Müslümovun himayədarlığı ilə “Nicat” MMC və “Real H” MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən proses sentyabrın 5-nə qədər təxirə salınıb.

Ümumilikdə, Səlim Müslümov hazırkı mərhələyə qədər cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır ki, ona 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Səlim Müslümov 7 milyonu da ödəsə, cəzası nə qədər yüngülləşə bilər, sabiq nazir yenidən həbsə göndərilə bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki,  korrupsionerlərin büdcədən oğurladıqları pulları geri qaytarması onları cəzadan azad etmir: “Bəli, nəzərə alına bilər ki, büdcədən külli miqdarda oğurladığı pulu geri qaytarıb. Bu külli miqdarda mənimsəmə cinayətini törədən məmura nisbətən yüngül cəza verilməsinə imkan verir. 20 milyon manat vəsaiti geri qaytaran məmurun 8 milyon manatlıq əmlakı üzərinə də həbs qoyulub. Həmin əmlak satılıb pulu da büdcəyə keçirilməlidir. Amma heç bir halda Səlim Müslümova şərti cəza verilməsi üçün əsas ola bilməz. Səlim Müslümov nazir olaraq dövlətin əhalinin aztəminatlı kəsiminə ayırdığı pulları oğurlayıb. Dövlətin sosial siyasətini sabotaj edib. Buna görə qanun qarşısında cavab verməlidir. Onun barəsində birbaşa həbslə əlaqəli olan cəza təyin edilməlidir ki, digər məmurlardan kimsə cürətlənib Müslümovun əməllərini təkrar etməsin”.


“Yeni Müsavat”

loading...
Diaspora