Bakıda uşaqlara işgəncə verilən mərkəzin daha iki əməkdaşı saxlanıldı - VİDEO - YENİLƏNİB

Bakıda uşaqlara işgəncə verilən mərkəzin daha iki əməkdaşı saxlanıldı -  VİDEO - YENİLƏNİB backend

Bakı şəhəri, Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qaziler.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla əlaqədar mətbuata açıqlamasında bildirib ki, paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

 

13:52

“Mehnur” Reabilitasiya Mərkəzi ilə bağlı bir sıra faktlar ortaya çıxıb.

Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.

Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.

Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.

Qaynarinfo-ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.

 

13:15

“Hazırda polis əməkdaşları mərkəzdə araşdırma aparır. Mərkəzin bir neçə əməkdaşı dindirilmə üçün Nizami Rayon Polis İdarəsinə aparılıb”.

Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.

“Hazırda mərkəzə giriş dayandırılıb, nə uşaqlar, nə də valideynlər içəri buraxılır. Bildirilir ki, uşaqlara işgəncə verən mərkəzin Aytac adlı əməkdaşı olub. Məlum video yayılandan sonra isə bu gün səhər saatlarında bir qrup valideyn mərkəzə gəlib. Valideynlərlə mərkəz əməkdaşları arasında qarşıdurma baş verib”, - deyə o qeyd edib.

12:40

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda mərkəzin üç əməkdaşının azyaşlıya qarşı zorakılıq etməsi müşahidə olunur.

 

10:08

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, - deyə qurumdan bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir.

09:44

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Həmin görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

loading...
Diaspora