“JEK“lərdə pul erası bitdi

“JEK“lərdə pul erası bitdi backend

Bu gündən başlayaraq Azərbaycanda yaşayış yeri barədə arayışları da ASAN xidmət verəcək. ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, yəni ASAN xidmətə həvalə edilib.

İndiyə qədərsə bu arayışlar mənzil-istismar sahələri (MİS) tərəfindən verilirdi. Fərman həmçinin mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunun elektron bazasının yaradılmasını nəzərdə tutur. İndiki vəziyyətə görə isə mənzil-istismar sahələrində qeydiyyat uçotu barədə informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır.

Qeydiyyat sektoru Azərbaycanda ənənəvi olaraq problemli sahə olub. Müstəqilliyin ilk illərində Bakıda qeydiyyata düşmək üçün 400 dollara qədər qeyri-rəsmi pul istəyirdilər. O dövrlər üçün bu, çox böyük vəsait idi - mikrorayonlarda bir otaqlı evin qiyməti təxminən 4 min dollar ətrafında dəyişirdi. Yəni indiki hesabla təxminən 5 min manat demək idi. O vaxt adamlar Bakıda işə girmək üçün mütləq paytaxtda qeydiyyata düşməli idilər. Sonradan əmək bazarı liberallaşdı və işləmək üçün Bakı qeydiyyatına heç bir ehtiyac qalmadı. Uyğun olaraq, bu qeyri-rəsmi ödəniş növü də ortadan qalxdı.

Amma MİS-lərdən yaşayış yeri barədə arayışların alınması məsələsi yenə də problem olaraq qalmaqdadır. Azərbaycanın müxtəlif yerlərində bu arayışların alınması ilə bağlı müxtəlif məbləğdə qeyri-rəsmi ödənişlər tələb olunur. Bakıda qeyri-rəsmi ödəniş 20 manatdan 50 manata qədər dəyişir. Camaatın dediyinə görə, adətən 50 manat istəyirlər, sonradan danışıqlar yolu ilə qiyməti aşağı salmaq mümkün olur.