Azərbaycan tarixi haqqında nəşr olunmuş kitabın üz qabığı Ermənistan bayrağının rənglərinə bürünüb. AzNews.Az xəbər verir ki, ali məktəblərə hazırlaşanlar üçün nəşr olunmuş kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edilib. Kitaba baxan kimi insanın diqqətini çəkən rənglər Ermənistan bayrağını yada salır. Məhz tarix kitabının tariximizi saxtlaşadırmağa cəhd göstərən düşmən ölkənin bayrağı rəngində olması ölkəmizə qarşı təhqir kimi qəbul edilə bilər. Qeyd edək ki, “Didaktika” Nəşriyyatının çap etdirdiyi kitab ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və TQDK-nın ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb və 3 AZN-ə satılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üzərində Ermənistan bayrağının rəngləri əks olunmuş tarix kitabı barədə məlumat yayıb.Qurumdan AzNews.az-a daxil olan məlumatda qeyd olunub ki, "Didaktika" adlı nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş “Azərbaycan tarixi” məlumat kitabının Tələbə Qəbulu Dövlət Komissiyasına heç bir aidiyyatı yoxdur.
Məlumatda bildirilir ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz.
Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız “Abituriyent” jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur.
İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan “Vəsait” də bu qəbildən olmaqla Komissyaya heç bir aidiyyatı yoxdur.
Məlumat üçün bildirək ki, AzNews.az sözügedən məsələni hələ fevral ayında qaldırmışdı.