“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin
MÜRACİƏTİ
Əziz müharibə veteranları, döyüşçü dostlarımız!
Xalqımızın sarsılmaz birliyi və həmrəyliyi, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi, diplomatik fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, sizin hər birinizin şücaəti sayəsində torpaqlarımız Ermənistanın 30 illik əsarətindən xilas edildi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi bizim Zəfərimizlə başa çatdı. İşğalçı qüvvələr acınacaqlı hərbi məğlubiyyətə uğrayaraq, hətta, Ağdam, Laçın, Kəlbəcər rayonlarını döyüşsüz təhvil verməyə məcbur edildilər.
Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın rayonunun mərkəzində və onun ətrafındakı Zabux, Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilərin çıxarılması başa çatmaq üzrədir. Qarabağda separatizmin nəticələrinin tamamilə ləğv ediləcəyi günlər də uzaqda deyil. Zaman bizim xeyrimizə işləyir: dövlətimiz gücü artır, qalib xalqımızın dünyada nüfuzu yüksəlir.
Möhtərəm Prezidentin əminliklə bəyan etdiyi kimi, bundan sonra biz əbədi olaraq qalib dövlət, qalib xalq kimi yaşayacağıq.
Təbii ki, iştirakçısı olduğumuz döyüşlər bizə qələbə sevinci, zəfər əhval-ruhiyyəsi ilə yanaşı şəhid qardaşlarımızın itkisinin, yaralı silahdaşlarımızın ağrı-acısının doğurduğu kədər hissi, qəm-qüssə də yaşadıb... Müharibənin insan psixologiyasına təsiri müxtəlif cür olur: keçmiş döyüşçülər mülki həyatda bəzən özlərinin düzgün başa düşülmədiklərini güman edir, hər kəsdən daha çox diqqət və qayğı gözləyirlər, ya da özlərinə daha yüksək status tələb edir və yaxud müəyyən istəkləri gerçəkləşməyəndə ruhdan düşür, mənəvi sıxıntı keçirirlər. Müharibə veteranlarının və əlillərinin müxtəlif səbəblərdən özlərinə qəsd etməsi, intahara cəhd etməsi halları cəmiyyətimizdə ciddi narahatlıq doğurur.
Azərbaycan dövləti Vətən müdafiəçilərinə daim diqqət və qayğı göstərir. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində şəhid olanların ailələrinin, əlill və veteranların sosial müdafiəsi üçün bütün zəruri tədbirlər görülüb, bundan sonra da görüləcəkdir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini biz daim hiss edir, görürük...
Müharibə iştirakçılarına, şəhid ailələrinə təkcə dövlətimiz deyil, bütövlükdə cəmiyyətimiz böyük hörmət və ehtiram, maddi və mənəvi yardım göstərir. “Yaşat” Fondu fəaliyyətdədir və öz missiyasını layiqincə yerinə yetirir, şəhər və rayon icra hakimiyyətlərində bu kateqoriyadan olan vətəndaşlarla birbaşa işləyən şöbələr yaradılıb, həmin şöbələrdə müharibə veteranları çalışırlar.
Belə bir şəraitdə müharibə iştirakçıları, xüsusən, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə sağlamlığını itirən qəhrəman insanlarımız hər hansı çətinliklə, problemlə üzləşdirkdə özlərini tənha, köməksiz hiss etməməlidirlər. Biz – müharibədən əziyyət çəkən şəxslərlə işləmək, onlarla daim birlikdə olmaq kimi ictimai missiyanı öhdəsinə götürən qeyri-hökumət təşkilatları da bu sahədə fəal olmağa çalışırıq. “Dəmir yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyi son vaxtlar humanizm və maarifçilik fəaliyyətini daha da genişləndirərək, məcburi köçkün şəhid ailələri, müharibə əlilləri və veteranları ilə müntəzəm görüşlər təşkil edir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə belə görüşləri məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə və yaşayış komplekslərində keçiririk.
Əziz veteranlar, keçmiş döyüşçülər.
Düşmənlə üzbəüz döyüşdən şərəflə, qələbə ilə çıxan insan özünün şəxsi, müvəqqəti çətinlikləri qarşısında açız qalmamalı, belə vəziyyətdə dövlətimizə və cəmiyyətimizə güvənməli, arxalanmalıdır. “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyi də, öz missiyasına uyğun olaraq, sizin hər bir müracətinizi qəbul edib, qaldırdığınız məsələlərin, müvafiq dövlət orqanlarının dəstəyi ilə, qanunvericilik əsasında və ictimai nəzarət qaydasında həllinə kömək göstərməyə hazırdır.
Vətəni qoruyan oğullar özlərini də qorumalıdırlar!
Əbil Zeynalov,
Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri,
Birinci Qarabağ müharibəsi veteranı
moderator.az