Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir backend

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar arasında videokonfrans formatında görüş olub.

Qaziler.az bildirir ki, nazir ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvləri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər və s. barədə ətraflı məlumat verib.

S.Babayev nazirliklər arasında  bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsi üçün böyük potensialın mövcudluğundan bəhs edib. Nazirliklər arasında əməkdaşlığın hüquqi bazasının gücləndirilməsinin vacibliyini qeyd edən nazir Babayev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi üzrə hazırlıq işlərinin aparıldığını nəzərə çatdırıb.

 S.Babayev DOST layihəsinin ərsəyə gətirilməsi və inkişafı, o cümlədən DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, vətəndaşlara xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə həmkarına ətraflı məlumat verib. DOST təcrübəsinin bir çox xarici ölkələrin müvafiq qurumları tərəfindən öyrənildiyini bildirən nazir, Moldova ilə mütərəqqi təcrübəni bölüşməyə hazır olduğunu söyləyib.

Nazir mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin ölkə başçılarının birgə səyləri ilə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

M.Spatar iki ölkə arasında sosial təminat sahəsində formalaşan uğurlu əməkdaşlıqdan söhbət açıb, əmək və sosial xidmətlər ilə bağlı Moldovanın təcrübəsi, əldə olunan uğurlar barədə məlumat verib.

 Azərbaycanda sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirən M.Spatar hər iki nazirliyin bu prosesdə fəal təcrübə mübadilələrinin önəmini qeyd edib. Ölkəsinin əmək və sosial müdafiə sahəsində ciddi islahatlara hazırlaşdığını söyləyən nazir Spatar, Azərbaycanın DOST təcrübəsinin yaxından öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan Moldova arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

loading...
Diaspora