“Laçın dəhlizinin təhvil verilməsindən sonra yeni dəhliz Ağanus icmasının inzibati ərazisindən, Unanavan və Meqvadzor qəsəbələrindən keçəcək. Ona görə də Kaşatağın müəyyən hissəsi hansısa formada dəhliz şəklində qalacaq”.
Moderator.az xəbər verir ki, bu barədə Xankəndindəki separatçı-terrorçu rejimin qondarma "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan üzdəniraq “Artsax” telekanalının efirində bildirib.
Söhbət hazırda da hava xətti ilə 5 km enindəki “dəhliz” ərazisinə daxil olmaqla Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində qalan Ağanus kəndindən və Qarabağdan Ermənistana alternativ yolun yaxınlığında yerləşən ermənilərin “Unanavan” adlandırdıqları Unannovu və “Meqvadzor” adlandırdıqları Mığıdərə kəndlərindən gedir. “Kaşataq” isə işğal dövründə Laçın, Qubadlı və Zəngilan rayonları ərazilərinin daxil edildiyi qondarma “rayon”dur…
Beləliklə, hayların könlündən Laçın rayonunun Ağanus, Unannovu, Mığıdərə kəndləri ilə yanaşı, alternativ yolun yaxınlığındakı Fətəlipəyə, Ərəb, Dəyirmanyanı və s. kəndlərinin də nəzarətə almaq və gələcəkdə onları məskunlaşdırmaq keçir. Amma bunun üçün onların heç bir hüquqi əsası yoxdur. Çünki əvvəla, həmin ərazilər suveren Azərbaycan əraziləridir. İkincisi də tarixən, o cümlədən Çar Rusiyası və sovet dövrlərində adları çəkilən və digər yaşayış məntəqələrinin heç birində bir nəfər də erməni, hay yaşamayıb…