Avqust ayının 25-dən Səyyar "ASAN Xidmət" İmişlidə xidmətlərin vətəndaşlar üçün əlçatanlığın təmin edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli ilə yanaşı, ətraf 8 rayonun sakinləri də bu xidmətlərdən sentyabrın 8-nə kimi yararlana biləcək.Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar "ASAN Xidmət"də notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi kimi xidmətlərdən vətəndaşlar yararlana bilər.
Qeyd edək ki, iki gün ərzində Səyyar "ASAN Xidmət"ə 400-dən çox vətəndaş müraciət edib.